Menyu

Meyvə və tərəvəzləri dondurarkən nələrə diqqət etməli? – Ən doğru üsullar

Ayşən Sadıxzadə
Meyvə və tərəvəzləri dondurarkən nələrə diqqət etməli? – Ən doğru üsullar

Meyvə və tərəvəzlərdən maksimum vitamin və mineral almaq üçün onları mövsümündə istehlak etmək ən düzgün seçimdir. Lakin mövsümdən kənar dövrdə də istifadə etmək məqsədilə bu məhsullar dondurma, qurutma, pörtlətmə (blanş etmə) kimi üsullarla saxlanılır.

Bu sözləri Operativ Media-ya açıqlamasında sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib. 

O bildirib ki, əgər bu proseslər düzgün texnologiya ilə, sanitar-gigiyenik qaydalara əməl olunaraq həyata keçirilirsə və saxlanma zamanı temperatur rejimi qorunursa, meyvə və tərəvəzlər faydalı xüsusiyyətlərinin böyük hissəsini saxlayır. Xüsusilə məhsul yığıldıqdan qısa müddət sonra dondurularsa, tərkibindəki vitaminlər, antioksidantlar və liflərin əksəriyyəti qorunub saxlanılır:

“Bununla belə, dondurulmuş meyvələr qida dəyərini və dadını əsasən qorusa da, teksturası və görünüşündə müəyyən dəyişikliklər baş verə bilər. Dondurulmağa ən uyğun məhsullar isə giləmeyvələr hesab olunur. Onlar həm formasını, həm də qida dəyərini digər meyvələrlə müqayisədə daha yaxşı saxlayır.

Dondurmadan əvvəl meyvələr mütləq yaxşı yuyulmalı, sağlam və keyfiyyətli seçilməlidir. Meyvə yetişmiş olmalı, lakin həddindən artıq yumşalmış olmamalıdır. Zədələnmiş və ya çürümüş hissələri olan meyvələrin saxlanılması tövsiyə edilmir. Bəzən yalnız əzilmiş hissəni kəsərək qalan hissəni saxlamaq istəyirlər, lakin bu, məhsulun daha tez xarab olmasına səbəb ola bilər.

Meyvələri kiçik porsiyalar şəklində, hava keçirməyən paketlərdə saxlamaq daha məqsədəuyğundur. Ən vacib məqamlardan biri isə odur ki, bir dəfə dondurulmuş məhsul əridildikdən sonra yenidən dondurulmamalıdır. Temperaturun təkrar dəyişməsi həm məhsulun keyfiyyətini aşağı salır, həm də mikrobioloji çirklənmə riskini artırır.

Son illərdə geniş istifadə olunan üsullardan biri də blanş etmə və ya pörtlətmədir. Bu üsul daha çox şaftalı, ərik, alma və gavalı kimi iri meyvələrə tətbiq edilir. Meyvələr növündən asılı olaraq 30–60 saniyə qaynar suda saxlanılır, sonra dərhal buzlu suya keçirilərək soyudulur. Ardınca qurudularaq saxlanılır. Bu üsul meyvənin rəngini, dadını və görünüşünü daha yaxşı qorumağa kömək edir. Daha keyfiyyətli nəticə əldə etmək üçün meyvələrin tumu çıxarılaraq iki hissəyə bölünüb saxlanılması tövsiyə olunur.

Bəzi insanlar meyvələrin şirəsini uzun müddət saxlamağa üstünlük versələr də, bu üsul o qədər də məsləhət görülmür. Daha məqsədəuyğun variant meyvənin özünü donduraraq lazım olduqca istifadə etməkdir. Bu zaman həm qida dəyəri daha yaxşı qorunur, həm də məhsulun keyfiyyəti daha yüksək olur”.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər