Putin miqrantlarla bağlı yeni qanunu imzalayıb
Rusiyada məhkumluğu olan əcnəbilərə vətəndaşlıq, daimi və ya müvəqqəti yaşamaq icazəsinin verilməsi qadağan edilib.
Operativ Media xəbər verir ki, bununla bağlı Rusiya Prezidenti Vladimir Putin yeni qanun imzalayıb.
Qanuna əsasən, hər hansı cinayətə görə götürülməmiş və ya ödənilməmiş məhkumluğu olan əcnəbilərin Rusiya vətəndaşlığına qəbulu, həmçinin onlara yaşamaq və ya müvəqqəti yaşamaq icazəsinin verilməsi mümkün olmayacaq.
Yeni qaydalara görə, belə şəxslərə artıq verilmiş sənədlər sonradan ödənilməmiş məhkumluq aşkar edilərsə, ləğv olunacaq.
Sənəddə qeyd edilir ki, bu tələblər Rusiyada siyasi sığınacaq almış şəxslərə və qaçqın statusuna malik əcnəbilərə şamil edilməyəcək.
Bundan başqa, yaşayış və ya müvəqqəti yaşamaq icazəsi üçün müraciət edən şəxslər məhkumluqlarının olmamasını təsdiq edən və ya məhkum olunduqları cinayət barədə məlumatı əks etdirən rəsmi sənəd təqdim etməli olacaqlar.
Qanun rəsmi dərc edildiyi tarixdən 180 gün sonra qüvvəyə minəcək.