Ehtiram Quliyev: Akademiyaya dövlət proqramından 4-5 dəfə çox vəsait ayırırıq
“Turan Tovuz” klubunun İdarə Heyətinin sədri Ehtiram Quliyev “Peak Eye” şirkəti ilə imzalanan əməkdaşlıq müqaviləsinin təqdimat mərasimində media nümayəndələrinin suallarını cavablandırıb.
Operativ Media xəbər verir ki, klub rəhbəri sponsorluq müqaviləsinin məbləğinin digər klublar üçün stimul yaratması məqsədilə gizli saxlanılmadığını və ölkədə idmanın inkişaf etdiyini bildirib.
Ehtiram Quliyev "məlum hadisə" və avrokuboklardan birillik kənarlaşdırma qərarı səbəbindən transfer planlarına düzəliş etdiklərini, lakin təslim olmayaraq çempionluq uğrunda mübarizə aparacaqlarını vurğulayıb. O, ən azı daha iki yeni futbolçunun heyətə qatılacağını, ötən illə müqayisədə daha keyfiyyətli komanda formalaşdıracaqlarını və baş məşqçi Kurban Berdıyevlə müqavilənin müddətinin iki il uzadıldığını diqqətə çatdırıb. Həmçinin, Tovuz futbolunun ziyalıları və hər zaman yanlarında olan AFFA prezidenti Rövşən Nəcəflə görüşlərdən sonra yola davam etmək qərarına gəldiklərini qeyd edib.
Funksioner Türkiyənin “Fənərbağça” klubu ilə keçiriləcək yoldaşlıq matçının sentyabrın 20-si ilə oktyabrın 10-u aralığında, milli fasilə zamanı baş tutacağını açıqlayıb. Şəhidlərin Anım Gününə təsadüf etməsi planlaşdırılan qarşılaşmanın gəliri xeyriyyə məqsədlərinə sərf olunacaq. Arenanın kiçik olması və Bakı Olimpiya Stadionunun hazır olmaması səbəbindən 20-30 minlik azarkeş tutumu olan Bakı və ya Gəncə stadionları variantları dəyərləndirilir. “Fənərbağça” ilə əməkdaşlıq çərçivəsində oyunçu mübadiləsi, akademiya və “Fenerium” təcrübəsindən faydalanmaq da nəzərdə tutulur.
Sədr akademiyaya dövlət proqramında nəzərdə tutulandan 4-5 dəfə çox vəsait ayırdıqlarını, legioner limitinin ləğvinin isə akademiyalara ciddi təsir göstərdiyini bildirib. O, Premyer Liqada hakim təyinatlarının proqram vasitəsilə avtomatik həyata keçirilməsini təklif edib və referi Əliyar Ağayevin oyunlarına təyin olunmasına normal yanaşacağını deyib.
Sonda Ehtiram Quliyev İlham Rəhimovun kluba dəstək olmadığını, “Sabahın Ulduzları” turnirinin yalnız Bakını əhatə etdiyi üçün orada iştirak etmədiklərini və klubun yalnız "Turan" adı ilə davam etmə ehtimalının hüquqi risklərə görə çox az olduğunu əlavə edib.