Orxan Nəzərli: Hazırda kölgə iqtisadiyyatına geri dönüş baş vermir
Əmək münasibətlərinin leqallaşması və şəffaflaşma nəticəsində Dövlət Sosial Müdafiə Fondunun gəlirlərində ciddi artıma nail olundu. Belə ki, həmin fondun gəlirləri iki dəfədən çox artıb. Bunun nəticəsində dövlət büdcəsindən Dövlət Sosial Müdafiə Fonduna ayrılan transfertlərin xüsusi çəkisi azalıb.
Operativ Media bu sözləri İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli AZƏRTAC-a və REAL Televiziyasına müsahibəsi zamanı deyib.
Dövlət Vergi Xidmətinin rəisi bildirib ki, qeyri-neft sektorunun özəl bölməsində əmək gəlirlərinə tətbiq olunan güzəştlərin əsas məqsədi əmək münasibətlərinin leqallaşdırılması olub. 2019-cu illə müqayisədə həmin sektorda əmək müqavilələrinin sayı 91 faiz artıb. Hazırda həmin sektorda əmək müqavilələrinin sayı 1 milyondan artıqdır. Müqayisə olunan dövrdə əmək gəlirləri də 2,5 dəfə artıb ki, bu da təxminən 6,5 milyard manat artım deməkdir. Nəticədə həmin göstərici 2025-ci ildə 11,2 milyard manata çatıb. Güzəşt müddəti başa çatdıqdan sonra hökumət daxilində müzakirələr aparıldı və tam geri dönüş deyil, mərhələli keçid modeli seçildi. Bu modelə əsasən, üç il ərzində vergi dərəcəsinin mərhələli şəkildə artırılması nəzərdə tutulur. Beləliklə, birinci ildə 3 faiz, ikinci ildə 5 faiz, üçüncü ildə isə 7 faiz dərəcəsinə keçid həyata keçiriləcək.
“Hesab edirik ki, bu yanaşma həyata keçirilən islahatların nəticələrini qoruyub saxlamağa imkan verəcək. Çünki əsas risklərdən biri ondan ibarət idi ki, əmək münasibətləri leqallaşdıqdan sonra əvvəlki vəziyyətə qayıdış kölgə iqtisadiyyatının yenidən genişlənməsinə səbəb ola bilərdi.
Aparılan müzakirələr nəticəsində formalaşdırılan bu model həmin riskləri minimuma endirməyə imkan verir. Hazırda müşahidələr göstərir ki, kölgə iqtisadiyyatına geri dönüş baş vermir və əldə olunan nəticələri qorumaq mümkündür”, - deyə Orxan Nəzərli qeyd edib.