Menyu

Toylarda sanitariya-gigiyena tələbləri: Yeməyi evdən gətirənlərə XƏBƏRDARLIQ

Ayşən Sadıxzadə
Toylarda sanitariya-gigiyena tələbləri: Yeməyi evdən gətirənlərə XƏBƏRDARLIQ

"Bölgələrdə keçirilən toy və digər kütləvi tədbirlər zamanı şadlıq sarayının yalnız məkan və inventarla təmin edilməsi, qida məhsullarının isə əvvəlcədən ev şəraitində hazırlanaraq tədbir keçirilən məkana gətirilməsi hallarına rast gəlinir. Bu cür yanaşma qida təhlükəsizliyi baxımından bir sıra risklər yarada bilər".

Bu sözləri Operativ Media-ya açıqlamasında qida eksperti Seymur Qafarov deyib. 

O bildirib ki, ilk növbədə, ev şəraitində hazırlanaraq şadlıq sarayına gətirilən qida məhsullarının mənşəyini və təhlükəsizliyini təsdiq edən müvafiq sənədlərin olmaması əsas risklərdən biridir. Xüsusilə ət və ət məhsullarının istifadəsi zamanı həmin məhsulların baytarlıq və ekspertiza sənədləri ilə müşayiət olunması mühüm əhəmiyyət daşıyır:

“Digər mühüm risk qida məhsullarının daşınması və saxlanılması zamanı temperatur rejiminə əməl olunmamasıdır. Xüsusilə tez xarab olan qida məhsulları, o cümlədən salatlar və digər hazır məhsullar soyuq zəncirin tələblərinə uyğun temperatur şəraitində saxlanılmalı və daşınmalıdır. Bu məhsulların soyuducu sistemi və temperatur nəzarəti olmayan nəqliyyat vasitələrində daşınması mikrobioloji risklərin artmasına və nəticə etibarilə qida zəhərlənmələrinin yaranmasına səbəb ola bilər.

Bununla yanaşı, qida məhsullarının hazırlanma, saxlanma və daşınma mərhələlərində temperatur göstəricilərinin müvafiq qaydada qeydə alınmaması da qida təhlükəsizliyi baxımından ciddi çatışmazlıq hesab olunur. Məhsulun hansı şəraitdə hazırlandığı, hansı temperaturda saxlanıldığı və istehlak yerinə hansı şərtlərlə çatdırıldığı barədə məlumatların izlənəbilən olması vacibdir.

Yay mövsümündə alkoqolsuz içkilərin də günəş şüalarının birbaşa təsirinə məruz qalması və uzun müddət uyğun olmayan temperatur şəraitində saxlanılması arzuolunmaz haldır. Bu səbəbdən həmin məhsulların saxlanılması zamanı istehsalçı tərəfindən müəyyən edilmiş temperatur və saxlama şərtlərinə riayət olunmalıdır.

Ev şəraitində qida məhsullarının hazırlanması zamanı peşəkar qida müəssisələrində tətbiq olunan sanitariya-gigiyena tələblərinin tam təmin edilməməsi də əlavə risklər yaradır. Bu zaman çarpaz çirklənmə, fiziki, kimyəvi və mikrobioloji çirklənmə ehtimalı artır. Nəticədə istehlakçılarda qida zəhərlənməsi, qusma, ishal və digər sağlamlıq problemləri yarana bilər.

Bu baxımdan kütləvi tədbirlər üçün nəzərdə tutulan qida məhsullarının qida təhlükəsizliyi tələblərinə cavab verən, müvafiq avadanlıqlarla təchiz edilmiş peşəkar mətbəxlərdə hazırlanması daha məqsədəuyğundur.

Qida məhsullarının müəssisəyə qəbulu zamanı onların mənşəyini və təhlükəsizliyini təsdiq edən müvafiq sənədlərin mövcudluğu təmin edilməlidir. Xüsusilə ət və ət məhsullarının baytarlıq və ekspertiza sənədləri ilə müşayiət olunması, qida ilə təmasda olan işçilərin müvafiq gigiyenik təlimlərə cəlb edilməsi və dövri tibbi müayinələrdən keçirilməsi vacibdir.

Sadalanan tələblərə riayət edilməsi qida məhsullarının hazırlanması, daşınması, saxlanılması və təqdim olunması mərhələlərində yarana biləcək təhlükələrin minimuma endirilməsinə, o cümlədən fiziki, kimyəvi və mikrobioloji çirklənmə risklərinin qarşısının alınmasına imkan verir”.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər