Gecə ayaq qıcolmalarının səbəbləri: Nə vaxt həkimə müraciət etməli?
Gecənin sakitliyində qəfil baldır əzələsinin bərk yığılması, ayağın sanki “donması” və dözülməz ağrı… Bir çox insan bu hissi yaşayır. Bəzən qıcolma bir neçə saniyə davam edir, bəzən isə insanı yuxudan oyadacaq qədər uzun çəkir. Bəs gecə ayaqlara qıcolma niyə girir?
Bu barədə Operativ Media-ya nevroloq Röyanə Quluzadə danışıb.
O bildirib ki, əslində, bunun tək bir səbəbi yoxdur. Gün ərzində həddindən artıq fiziki aktivlik, uzun müddət ayaqüstə qalmaq, susuz qalmaq və əzələlərin yorulması gecə spazmlarını artıra bilər. Yaş artdıqca da bu problemə daha çox rast gəlinir:
“Cəmiyyətdə gecə qıcolmaları çox vaxt birbaşa maqnezium çatışmazlığı ilə əlaqələndirilir. Lakin hər qıcolmanın səbəbi maqnezium azlığı deyil. Kalium və kalsium balansındakı dəyişikliklər, bəzi dərmanlar, şəkərli diabet, damar və sinir problemləri də gecə qıcolmalarının arxasında dayana bilər.
Qıcolma zamanı nə etmək olar? Əzələni zorlamadan yüngül şəkildə dartmaq, baldırı masaj etmək və ayaq pəncəsini özünüzə doğru çəkmək spazmın daha tez açılmasına kömək edə bilər. Gün ərzində kifayət qədər su içmək və yatmazdan əvvəl yüngül dartınma hərəkətləri etmək də faydalıdır.
Amma qıcolmalar tez-tez təkrarlanırsa, yuxunuzu pozursa və ya keyimə, əzələ zəifliyi, şişkinlik və davamlı ağrı ilə müşayiət olunursa, bunu sadəcə “maqnezium çatışmazlığıdır” deyib keçmək olmaz.
Bəzən ayağın gecə verdiyi bu ağrılı siqnal orqanizmdə araşdırılmalı başqa bir problemin ilk əlaməti ola bilər.
Ayaqlarınız gecələr tez-tez qıcolursa, səbəbi araşdırmaq üçün nevroloqa müraciət etməyiniz faydalıdır”.
dəqiqələr içində saytın olsun.