Azərbaycan və Çin arasında enerji sahəsində təcrübə mübadiləsi genişlənir
Azərbaycanın energetika sektorunun nümayəndə heyəti Çində xüsusi təlim və texniki səfər proqramında iştirak edirlər.
Operativ Media Energetika Nazirliyinə istinadən xəbər verir ki, Çinin "Datang Corporation" şirkəti tərəfindən Azərbaycanın enerji sektorunun mütəxəssisləri üçün xüsusi təlim və texniki səfər proqramı təşkil olunub. İki həftəlik proqram Azərbaycan ilə Çin arasında enerji sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi, qabaqcıl texnologiyalar üzrə təcrübə mübadiləsinin aparılması və peşəkar əlaqələrin genişləndirilməsi məqsədi daşıyır.
Təlim proqramının açılışında Azərbaycanın energetika nazirinin müavini Elnur Soltanov videoformatda çıxış edərək proqramın Azərbaycan-Çin enerji əməkdaşlığının inkişafı baxımından əhəmiyyətini vurğulayıb.
"Datang Corporation"un baş direktor müavini Li Deyong təlim iştirakçılarını salamlayaraq proqramın uğurla həyata keçirilməsi ilə bağlı xoş arzularını bildirib.
Proqram çərçivəsində iştirakçılara külək, hidrogen enerjisi, qabaqcıl enerji saxlanc sistemləri, o cümlədən sıxılmış hava əsaslı enerji saxlancı (CAES), külək-günəş-enerji saxlancının inteqrasiya olunmuş sistemləri, müasir yüksək səmərəli qaz turbinləri, ənənəvi hidroelektrik stansiyalar və nasoslu hidroakkumulyasiya elektrik stansiyaları üzrə təqdimatlar və praktiki məlumatlar verilir.
Səfər proqramının mühüm hissəsini Çendu və Çuntsin şəhərlərində qabaqcıl sənaye və enerji layihələrinə texniki səfərlər təşkil edir. Bu səfərlər çərçivəsində Azərbaycan nümayəndələri müasir enerji texnologiyalarının tətbiqi, istismarı və enerji sistemlərinə inteqrasiyası ilə bağlı yerində təcrübə əldə edirlər.
Səfərdə Energetika Nazirliyi, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi, "Azərenerji" ASC və "Azərişıq" ASC-nin nümayəndələri iştirak edirlər.
dəqiqələr içində saytın olsun.