Menyu

Su çənlərindən istifadə nə dərəcədə təhlükəsizdir?

Ayşən Sadıxzadə
Su çənlərindən istifadə nə dərəcədə təhlükəsizdir?

İsti havalarda suya tələbatın artması ilə fərdi evlərdə, bağ evlərində və çoxmənzilli binalarda su çənlərindən istifadəyə ehtiyac da artır. Lakin suyun çəndə saxlanılması onun avtomatik olaraq təhlükəsiz olması demək deyil. Çənin hazırlandığı material, saxlanma şəraiti, günəş və temperaturun təsiri, eləcə də çənin nə qədər tez-tez təmizlənməsi suyun keyfiyyətinə birbaşa təsir göstərə bilər. Xüsusilə içməli suyun saxlanıldığı çənlərdə gigiyena qaydalarına əməl edilməməsi müxtəlif mikroorqanizmlərin və digər çirkləndiricilərin yaranmasına səbəb ola bilər.

Bu baxımdan su çənlərindən istifadə zamanı hansı qaydalara əməl edilməli, çənlər nə qədər müddətdən bir təmizlənməli və suyun təhlükəsizliyini qorumaq üçün nələrə diqqət edilməlidir?

Bu barədə Operativ Media-ya sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova danışıb. 

O bildirib ki, birinci növbədə nəzərə almaq lazımdır ki, əgər çən içməli su məqsədilə istifadə olunursa, mütləq qida ilə təmas üçün uyğun materialdan hazırlanmalıdır. Çənin üzəri bağlı olmalı, günəş şüalarından qorunmalı, mütəmadi olaraq təmizlənməli və su uzun müddət durğun, hərəkətsiz vəziyyətdə saxlanılmamalıdır. Eyni zamanda, çənlər yalnız təhlükəsiz və ekoloji baxımdan etibarlı mənbələrdən doldurulmalıdır:

“Mərkəzləşdirilmiş su sistemlərində olduğu kimi, müxtəlif zərərli bakteriyaların və mikroorqanizmlərin aradan qaldırılması təmin edilməlidir. Fərdi çənlərlə çoxmənzilli binalarda istifadə olunan çənlər arasında müəyyən fərqlər olsa da, burada həm çənin ölçüsü, həm hazırlandığı material, həm də saxlanma şəraiti mühüm əhəmiyyət daşıyır.

Əsas diqqət yetirilməli məqamlardan biri çənin mütəmadi şəkildə təmizlənməsidir. Təmizləmə zamanı mütləq qida ilə təmas üçün uyğun və təhlükəsiz vasitələrdən istifadə olunmalıdır. Bəzən həddindən artıq miqdarda kimyəvi maddələrdən istifadə edilir ki, bu da sonradan çənə su yığıldıqda su vasitəsilə insan sağlamlığı üçün təhlükə yarada bilər.

Çən uzun müddət təmizlənmədən istifadə olunarsa, onun dibində çöküntü yarana, divarlarında isə müxtəlif mikroorqanizmlər toplana bilər. Bu da təbii ki, suyun keyfiyyətinə və təmizliyinə mənfi təsir göstərə bilər. Ona görə çənlərin vaxtlı-vaxtında təmizlənməsinə xüsusi diqqət yetirilməlidir.

Suyun uzun müddət hərəkətsiz qalmamasına da diqqət etmək lazımdır. Eyni zamanda, suyun temperaturunun həddindən artıq yüksəlməsinin və birbaşa günəş şüalarının təsirinə məruz qalmasının qarşısı alınmalıdır. Çünki suyun temperaturu yüksək olduqda onun tərkibində mikroorqanizmlərin çoxalması üçün əlverişli şərait yarana bilər.

Bu səbəbdən su mümkün qədər kölgəli və sərin yerdə saxlanılmalıdır. Təbii ki, burada çənin keyfiyyəti, hazırlandığı material və yerləşdirildiyi məkan da mühüm rol oynayır.

Bir çox hallarda bağlarda və fərdi evlərdə plastik çənlərdən istifadə olunur. Belə çənlər daha çox içməli su üçün deyil, təsərrüfat və digər məqsədlərlə istifadə edilir. Bu halda da çənin mütəmadi təmizlənməsi və kimyəvi baxımdan təhlükəsiz materialdan hazırlanması əsas diqqət yetirilməli məqamlardandır”.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər