“Məqsədimiz avrokuboklara vəsiqə qazanmaqdır”.
Bu sözləri Operativ Media-ya açıqlamasında “Sabah” klubunun və Azərbaycan millisinin müdafiəçisi Rəhman Daşdəmirov bildirib.
O, Premyer Liqanın 9-cu turunda baş tutan “Araz-Naxçıvan”la oyunu dəyərləndirib:
“Araz-Naxçıvan” yaxşı rəqibdir. Oyun kifayət qədər çətin keçdi. Təhlükəli epizodlarımız çox oldu, amma sonda zədəli futbolçumuz olduğuna görə azlıqda qaldıq. Son dəqiqədə buraxılan qol, məncə, rəqibin bəxtinin gətirməsi idi".
Futbolçu turnir cədvəlində 5-ci yerdə olmalarını da şərh edib:
“Mənim fikrimcə, bu nəticə bizi qane etmir. Daha yüksək pillədə olmalıyıq".
Daşdəmirov cari mövsümün ötən illə müqayisədə daha gərgin keçdiyini qeyd edib:
“Bu mövsüm çox maraqlı keçir. Keçən illə müqayisədə daha çətindir".
Klub rəhbərliyinin qarşıya qoyduğu hədəflərdən danışan müdafiəçi bildirib:
“Həmişə olduğu kimi, bu il də məqsədimiz avrokuboklarda iştirak etməkdir. İnşallah, buna da nail olarıq".
Milli komandadakı çıxışına da toxunan futbolçu az oynama səbəbini belə izah edib:
“Komanda olaraq məqsədimiz xal qazanmaqdır. Mənim və ya başqasının oynaması fərq etmir. Düzdür, çox istəyirəm oynayım, amma məşqçinin qərarına hörmətlə yanaşıram. İnşallah, gələn oyunlarda daha çox şans qazanaram. Əsas odur ki, qələbə qazanaq. Bu uğur hamımızındır".






