Özbəkistan və Qazaxıstan birgə investisiya platforması yaradır

Bu gün Daşkənddə Özbəkistan və Qazaxıstan arasında aparılmış yüksək səviyyəli danışıqların yekunu üzrə 13 vacib sənəd imzalanıb.
Bu barədə Operativ Media Özbəkistan Prezidentinin mətbuat xidmətinə istinadən məlumat verir.
Xüsusilə tərəflər aşağıdakı mühüm sənədləri imzalayıblar: Transsərhəd su obyektlərinin birgə idarə edilməsi və səmərəli istifadəsi haqqında Saziş; Gömrük xidmətlərinin nümayəndəliklərinin açılması haqqında Saziş; Birgə hərbi təlimlərin keçirilməsi haqqında Saziş; Birgə investisiya platformasının yaradılması haqqında Çərçivə Sazişi; 2026-2027-ci illərdə turizm sahəsində əməkdaşlıqla bağlı Birgə Fəaliyyət Planı.
Bundan başqa, prezidentlər Ali Dövlətlərarası Şura çərçivəsində geologiya, nadir metallar və nadir torpaq metallarının hasilatı, transsərhəd çayların sululuğunun proqnozlaşdırılması və digər məsələlər üzrə ikitərəfli işçi qrupların yaradılması haqqında qərarlar qəbul ediblər.