İşsizlərin tibbi sığortaya 16 manat ödəməsi məcburidir? - AÇIQLAMA
Son günlər “Tibbi sığorta haqqında” qanuna təklif olunan dəyişikliklər geniş müzakirələrə səbəb olub. Qanun layihəsinə əsasən, işsiz və qeyri-formal məşğul olan şəxslər də aylıq 16 manat icbari tibbi sığorta haqqı ödəyəcəklər. İnsanlar isə işləmədikləri halda niyə bu məbləği ödəməli olduqlarını başa düşməkdə çətinlik çəkirlər. Hətta qanun layihəsində ödənişin gecikdirilməsi halında əlavə 10% sığorta haqqının tətbiq olunacağı qeyd olunur.
Operativ Media-nın məlumatına görə, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Qafqazinfo-ya bildirib ki, icbari tibbi sığorta sığortanın bir növüdür və məqsəd sığorta olunan şəxslərin xəstəlik, zədə və digər sığorta hadisələri zamanı maliyyə təminatının yaradılmasıdır:
“Əgər biz avtomobillərimizi, evlərimizi sığorta edirik və bu icbari qaydada həyata keçirilirsə, həyatımızı niyə sığorta etməyək? Dünyanın hər yerində icbari tibbi sığorta sistemi mövcuddur. Dövlət müəyyən qrupları öz təminatına götürür, qalan şəxslər isə sığorta haqları ödəməklə bu hüquqa malik olur. Azərbaycanda da icbari sığorta tətbiq olunanda sual yarandı: işləməyən şəxslər nə edəcək? O zaman cənab Prezidentin göstərişi ilə işləməyən şəxslər də bu kateqoriyaya daxil edildi”.
Musa Quliyev qeyd edib ki, ilkin mərhələdə bu şəxslərə böyük güzəşt olunub:
“Beləliklə, məşğulluğundan asılı olmayaraq hər kəs icbari tibbi sığortadan istifadə edə bildi. Lakin bu müvəqqəti keçid qaydası idi. İndi qanuna təklif olunan dəyişikliklə gələn ildən dövlət qeydiyyatında olan şəxslər – uşaqlar, əlilliyi olan şəxslər, pensiyaçılar istisna olmaqla – formal və qeyri-formal işləyən, yaxud qazancı məlum olmayan şəxslər ayda 16 manat ödəməklə icbari tibbi sığortadan yararlana biləcəklər. Bu, sosial ədalətin qorunmasına xidmət edir. Yəni yüksək əməkhaqqı alan vətəndaş öz sığorta haqqını ödəyirsə, digər vətəndaşların onun vəsaitindən əlavə qatqısı olmadan istifadə etməsi doğru olmaz”.
O əlavə edib ki, ödəniş məcburi olmasa da, ödəməyən vətəndaşlar icbari tibbi sığorta xidmətlərindən istifadə edə bilməyəcəklər.
Parlamentari vurğulayıb ki, ayda 16 manat sığorta haqqı bir il ərzində özəl sektorda instrumental müayinə, MRT və ya USM qiymətindən daha azdır:
“Bu vəsait həm də əməkhaqlarının leqallaşdırılması və iş yerlərinin qeyri-formaldan formal keçməsi prosesinə dəstək olacaq. Qanun qəbul edildikdən sonra İcbari Tibbi Sığorta Agentliyi ödəniş qaydalarını müəyyənləşdirəcək. Ən sadə mexanizm şəxsin öz poliklinikasına müraciət edib sığorta kartı alması və ya hesab açdıraraq aybaay vəsaiti ödəməsi, yaxud illik ödəniş etməsi olacaq”.
Qeyd edək ki, hazırda formal şəkildə fəaliyyət göstərən müəssisələrdə işçi 2%, işəgötürən 2% olmaqla, vətəndaş üçün ümumilikdə 4% icbari tibbi sığorta haqqı ödənilir. Dəyişiklik qüvvəyə mindikdən sonra əmək potensialı olan şəxslər də ayda minimum əməkhaqqının (400 manat) 4%-i, yəni 16 manat ödəməklə icbari tibbi sığortadan yararlana biləcəklər.