Tramp Mark Kellinin prezident göstərişlərinə itaətsizliyə çağırışlarını pislədi

ABŞ Prezidenti Donald Tramp ölkə vətəndaşlarını dövlət başçısının göstərişlərinə tabe olmamağa çağırışlardan çəkinməyə dəvət edib və Demokratlar Partiyasının senatoru, keçmiş astronavt Mark Kelli tərəfindən səsləndirilən bu kimi çağırışları pisləyib.
Operativ Media xəbər verir ki, o, bu haqda "Truth Social"da yazıb.
“Marrk Kelli və bir qrup qeyri-vətənpərvər siyasətçi səhv addım atıb və onlar bunun fərqindədirlər. Ümid edirəm ki, onlara baxan insanlar aldanmazlar və ABŞ Prezidentinə itaətsizliyə açıq şəkildə çağırış etməyin normal bir hal olduğunu düşünməzlər”, – deyə Tramp qeyd edib.
Noyabrın sonunda ABŞ-nin müdafiə naziri Pit Hegset Mark Kellinin açıqlamaları ilə bağlı araşdırma aparılması barədə göstəriş verib. Kelli həmin açıqlamalarında hərbçiləri komandanlığın mübahisəli əmrlərini yerinə yetirməməyə çağırmışdı.
Bundan əvvəl Demokratlar Partiyasından olan bir qrup senator və Konqresin Nümayəndələr Palatasının üzvləri, o cümlədən Kelli, hərbçilərə, Mərkəzi Kəşfiyyat İdarəsi əməkdaşlarına və digər ABŞ xüsusi xidmət orqanlarının nümayəndələrinə müraciət edərək bildirmişdilər ki, hazırda ABŞ yalnız xarici deyil, həm də daxili təhdidlərə məruz qalır. Onların sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın administrasiyası ölkənin silahlı qüvvələrini və kəşfiyyat qurumlarını öz vətəndaşlarına qarşı istifadə etməyə cəhd edir.