Rubio: ABŞ Rusiya və Ukraynanın sülh sazişinə daha yaxın olduğuna inanır

Birləşmiş Ştatlar hesab edir ki, Rusiya və Ukrayna sülh sazişinə son üç ildə heç vaxt olmadığı qədər yaxınlaşıblar, lakin bu, hələ son məqsədə çatmaq üçün kifayət etmir.
Operativ Media xəbər verir ki, bu fikri ABŞ dövlət katibi Marko Rubio “Fox News” telekanalına müsahibəsində bildirib.
“Düşünürəm ki, müəyyən irəliləyiş əldə etmişik. Daha yaxınıq, amma hələ son nöqtəyə çatmamışıq. Hələ də kifayət qədər yaxın deyilik, lakin bu, dəyişə bilər”, – Rubio qeyd edib.
O, əlavə edib ki, administrasiya 10 aydır müqavilə üzərində işləyir və hər iki tərəf üçün qəbuledilən təkliflər tapmağa çalışır.
Dövlət katibinin sözlərinə görə, bu prosesdə yekun addımlar həmişə ən çətin mərhələ olur və yaxın vaxtlarda razılıq əldə edilməlidir. Vaşinqton isə vasitəçi kimi bu prosesə vaxt ayırmağın davam etdirilməyə dəyər olub-olmadığını və ya diqqətin digər mühüm məsələlərə yönəldilməsinin daha məqsədəuyğun olub-olmadığını qiymətləndirir.
Dekabrın 2-də Rusiya lideri Vladimir Putin Kremldə ABŞ prezidentinin xüsusi nümayəndəsi Steven Witkoff və biznesmen Jared Kuşneri qəbul edib. Görüşün əsas mövzusu Ukraynada nizamlanma olub. Təxminən beş saat davam edən görüşdə Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, ABŞ sülh planının dörd sənədində yer alan təkliflərin mahiyyəti müzakirə olunub.