Ararat Mirzoyan Marta Kos ilə əməkdaşlığın dərinləşdirilməsi imkanlarını müzakirə edib

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Avropa İttifaqının genişlənmə üzrə komissarı Marta Kos ilə görüşüb. Operativ Media xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Həmsöhbətlər Ermənistan-Avropa İttifaqı tərəfdaşlığının yeni strateji gündəliyinin bəyənilməsini məmnunluqla qeyd edib və hər iki tərəf onun nəzərdə tutduğu bütün sahələrdə əməkdaşlığı dərinləşdirmək üçün fəal işləməyə hazır olduqlarını vurğulayıblar.
Görüşdə Avropa İttifaqının dəstəyi ilə həyata keçirilən layihələrə, eləcə də mövcud alətlərdən istifadə etməklə onların əhatə dairəsinin genişləndirilməsi imkanlarına istinad edilib.
Ararat Mirzoyan və Marta Kos əlaqələrin inkişafı, infrastrukturun təkmilləşdirilməsinə sərmayə qoyuluşu və bununla iqtisadi əməkdaşlığın təşviqi istiqamətində görülən işləri ətraflı müzakirə ediblər. Ermənistanın dayanıqlığının gücləndirilməsinə yönəlmiş təşəbbüslər də görüş zamanı müzakirə olunub.
ER XİN rəhbəri və Aİ komissarı qarşıdan gələn yüksək səviyyəli tədbirləri, o cümlədən Avropa Siyasi Birliyinin və may ayında İrəvanda keçiriləcək Ermənistan-Aİ sammitlərinin təşkilini müzakirə ediblər.
Həmçinin, görüşdə beynəlxalq hadisələrlə bağlı fikir mübadiləsi aparılıb.