Menyu

Qulaqda küy daha çox hansı nevroloji problemlərin xəbərçisidir?

Ayşən Sadıxzadə
Qulaqda küy daha çox hansı nevroloji problemlərin xəbərçisidir?

Qulaqda səs, cingilti və ya uğultu kimi hiss edilən narahatlıq tibbi dildə tinnitus adlanır. Tinnitus həm qulağın özünə bağlı səbəblərdən, həm də qulaqdan kənar – beyin və boyun damarları, eləcə də müxtəlif metabolik problemlər nəticəsində yarana bilər. Yəni həm otoloji (qulağa aid), həm də otoloji olmayan faktorlar tinnitusun yaranmasında rol oynayır.

Bu barədə Operativ Media -ya nevroloq Röyanə Quluzadə məlumat verib. 

O bildirib ki, qulaq mənşəli tinnitusun ən geniş yayılmış səbəblərindən biri Menyer xəstəliyidir:

Bu xəstəlik qulaqda səs-cingilti ilə yanaşı baş gicəllənməsi və vertigo, qulaqlarda dolğunluq hissi, tədricən eşitmə itkisi ilə xarakterizə olunur. Menyer xəstəliyi çox rast gəlinməsə də, tinnitusun əsas səbəblərindən biridir.

Digər qulaq daxili səbəblər:

-Kükürd tıxacları – çox sadə, lakin geniş yayılmış səbəblərdəndir.

-Otitlər (orta qulaq iltihabı) – həm kəskin, həm də xroniki formaları tinnitus yarada bilər.

-Yaşla bağlı dəyişikliklər – daxili qulaq sümüklərinin deformasiyası və qocalması nəticəsində səs yaranması mümkündür.

-Daxili qulağın xüsusi xəstəlikləri – labirint patologiyaları və s.

Gənclərdə tinnitusun əsas səbəbləri

Gənclər arasında tinnitusun ən çox rastlanan səbəbi qulaqcıqlarla yüksək səsli musiqiyə uzun müddət qulaq asmaqdır. Güclü səs dalğası qulaq pərdəsinin elastikliyini pozur və nəticədə cingilti yarada bilir.

Bundan başqa pirotexniki vasitələr, güclü partlayışlara yaxın məsafədə olmaq, müharibə şəraitində partlayıcı dalğasının təsiri daxili qulağa ani zədələnmə verərək tinnitus yarada bilər.

Qulaqdan kənar səbəblər

Tinnitus yalnız qulaq xəstəliklərindən deyil, digər orqan sistemlərinin problemlərindən də qaynaqlana bilər:

-Hipertonik xəstələrdə yüksək təzyiq – qulaqda ürək döyüntüsünə bənzər “pulsasiya edən səs” yarada bilər.

-Boyun osteoxondrozu – boyun fəqərələri və disklərin degenerasiyası nəticəsində beyin bazilyar bölgəsinin qan dövranı pozulur. Bu zaman həm başgicəllənmə, həm də qulaqda cingilti müşahidə oluna bilər.

Tinnitus müxtəlif və bəzən çox ciddi səbəblərdən yaranan bir əlamətdir. Ona görə də belə şikayət yarandıqda mütləq detallı tibbi müayinə aparılmalıdır – həm qulaq, həm damar sistemi, həm də digər ümumi sağlamlıq göstəriciləri yoxlanmalıdır”.

Əlaqəli Xəbərlər