Zirzəmilərdə yerləşən parklanma yerlərinin satışı qanunidirmi?

Son illər çoxmənzilli binalarda ən çox müzakirə olunan məsələlərdən biri zirzəmi və yarımzirzəmi sahələrində yerləşən qarajların satışı və icarəyə verilməsidir. Bir çox hallarda bina sahibləri və ya tikinti şirkətləri bu qarajları mənzil sahiblərinə satır, bəzən isə aylıq ödəniş qarşılığında kirayə verir.
Bəs bu cür satış və icarə əməliyyatları qanunidirmi?
Mövzu ilə bağlı Operativ Media-ya vəkil Turan Abdullazadə danışıb.
Onun sözlərinə görə, bu vəziyyət çox vaxt qanuni olmur:
"Əsas prinsip ondan ibarətdir ki, Azərbaycan qanunvericiliyi üzrə binaların zirzəmi, çardaq, pilləkənaltı, liftlər, texniki mərtəbə və sair hissələri ümumi mülkiyyət hesab olunur. Yəni- mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan həmin obyektlər ümumi paylı mülkiyyət hüququ ilə bütün bina sakinlərinə məxsusdur, təkcə tikinti şirkətinə yox. Bu Mənzil Məcəlləsi və Mülki Məcəllə ilə açıq şəkildə tənzimlənir".
Bəs nə zaman qanuni ola bilər ?
Vəkilin sözlərinə görə, əgər qaraj layihədə ayrı qaraj sahəsi kimi göstərilibsə, qeyri-yaşayış sahəsi statusu varsa, çıxarışı (kupçası) varsa ozaman satıla və ya icarəyə verilə bilər:
"Bir çox binalarda zirzəmi sonradan “qaraj” edilir. Heç bir hüquqi sənəd olmadan satılır. Sadəcə faktiki istifadəyə verilir. Bu cür “satış” məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Pul verən sakin bu hallarda hüquqi cəhətdən zəif vəziyyətdə qalır”.
