Aİ Rusiyadan qaz idxalını qadağan edən ilkin razılaşmanı qəbul edib

Aİ Şurası və Avropa Parlamenti Rusiyadan təbii qaz idxalının mərhələli şəkildə dayandırılması ilə bağlı ilkin razılığa gəliblər.
Operativ Media xəbər verir ki, qərar Rusiyadan mayeləşdirilmiş təbii qazın və boru kəməri vasitəsilə nəql edilən qazın idxalına mərhələli şəkildə qadağa tətbiq edilməsini, daha sonra isə 2026-cı ilin sonu və 2027-ci ilin payızında qüvvəyə minəcək tam qadağanı nəzərdə tutur.
Qanun layihəsinin həmmüəllifləri bildiriblər ki, sənəd qüvvəyə mindikdən 6 həftə sonra qaz idxalına qadağa tətbiq olunacaq, mövcud müqavilələr üçün isə keçid dövrü saxlanılacaq.
May ayında Avropa Komissiyası 2027-ci ilə qədər Rusiyadan enerji tədarükünü tədricən dayandırmaq planını təqdim etmişdi. “Politico” nəşri sentyabrın ortalarında iki Aİ diplomatik mənbəsinə istinadən yazmışdı ki, ABŞ-nin prosesi sürətləndirmək çağırışına baxmayaraq, Avropa İttifaqının 2027-ci ilə qədər Rusiyanın neft və qaz tədarükünü tam dayandırması çətin görünür. Xüsusilə Macarıstan və Slovakiya Rusiya neftini almaqda davam etməklə bu məqsədə mane olur.