Uşaqlarda nevroloji inkişaf ləngimələri niyə artıb? - Həkim danışır
"Uşaqlarda nevroloji inkişaf ləngimələrinin sayı son illərdə nəzərəçarpacaq dərəcədə artıb. Bunun səbəbləri çoxfaktorludur və həm hamiləlik dövründəki risklər, həm doğuş travmaları, həm də uşağın erkən yaşlardan etibarən keçirdiyi mühit təsirləri ilə sıx bağlıdır. İlk növbədə, hamiləlik dövründə ananın xroniki xəstəlikləri, infeksiyalar, qan azlığı, qidalanma pozuntuları, zərərli vərdişlər, habelə hamiləlikdə dərman istifadəsi dölün sinir sisteminin formalaşmasına mənfi təsir göstərə bilir. Doğuş zamanı yaranan oksigen çatışmazlığı, doğuş travmaları, düşük çəkili doğulan körpələr, vaxtından əvvəl doğuşlar və reanimasiya tələb edən hallar da beyin inkişafına təsir edən əsas amillərdəndir".
Bu sözləri Operativ Media-ya açıqlamasında həkim pediatr Səbinə Məmmədova deyib.
O bildirib ki, erkən uşaqlıq dövründə tez-tez rast gəlinən infeksiyalar, yüksək hərarət, səbəbi müəyyən olunmamış qıcolmalar, metabolik pozuntular və genetik meyillilik də nevroloji inkişafın ləngiməsinə gətirib çıxara bilər:
“Son illərdə ən çox diqqət çəkən amillərdən biri isə sosial mühitin dəyişməsi, uşağın az hərəkətli həyat tərzi və sensor stimulyasiyanın qeyri-bərabərliyi ilə bağlıdır. Burada ekran müddətinin rolu xüsusilə önə çıxır.
Ekrandan istifadə müddətinin artması uşağın beyin inkişafında mühüm rol oynayan sosial qarşılıqlı əlaqəni, oyun fəaliyyətini və real dünyadan aldığı sensor təcrübələri azaldır. İlk 3 yaş sinir sisteminin ən sürətli formalaşdığı dövrdür və bu dövrdə uzun müddətli ekran istifadəsi nitq ləngiməsi, diqqət çatışmazlığı, davranış pozuntuları və emosional tənzimləmə problemlərinə səbəb ola bilir. Tez-tez müşahidə olunan “eyni səslərə gec reaksiya vermə”, “adi əşyalarla maraqlanmama”, “göz kontaktından qaçma” kimi əlamətlər çox vaxt ekran asılılığının erkən mərhələləri ilə əlaqələndirilir. Ekranın həm nitq mərkəzlərinə, həm də sosial bacarıqların inkişafına təsiri təsdiqlənmişdir və bu, nevroloji ləngimələrin ən sürətlə artan səbəblərindən biri kimi göstərilir.
Pediatrların valideynlərə tövsiyələri ilk növbədə erkən müdaxilə və düzgün mühitin təmin edilməsinə yönəlir. Uşağın ekran qarşısında keçirdiyi müddət minimuma endirilməli, 0–3 yaş arasında ekran istifadəsi tam şəkildə məhdudlaşdırılmalıdır. Uşağın gün ərzində sərbəst oyun oynaması, fiziki aktivlik, ailə ilə ünsiyyət, şəkilli kitablar, konstruktor oyuncaqlar və sensor fəaliyyətlərlə məşğul olması beyin inkişafını dəstəkləyən əsas faktorlar sayılır. Hər hansı nitq, davranış və ya motor bacarıqlarda gecikmə şübhəsi yaranarsa, vaxt itirmədən pediatr və nevroloqa müraciət edilməlidir. Erkən diaqnoz və erkən stimulasiya terapiyaları uşağın inkişaf potensialını əhəmiyyətli dərəcədə artırır.
Bu mövzuda valideynlərin ən əsas rolu uşağın həyatında balansı təmin etməkdir. Real ünsiyyət, sevgi, təhlükəsiz mühit və intellektual stimulyasiya uşaq beyninin təbii inkişafının ayrılmaz hissəsidir”.