Türkiyənin qonşu ölkələrə ixracı artıb
Ötən il Türkiyənin ixracı 2024-cü illə müqayisədə 4,5 faiz artaraq 273,4 milyard dollara yüksəlib.
Operativ Media xəbər verir ki, bu barədə ölkənin Ticarət Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, Türkiyə 2025-ci ildə Azərbaycan, Bolqarıstan, Gürcüstan, İraq, İran, Suriya və Yunanıstana ümumilikdə 28 milyard 352 milyon 370 min dollar dəyərində məhsul ixrac edib.
Bu göstərici 2024-cü ildə 27 milyard 92 milyon 772 min dollar olub. Beləliklə, sözügedən ölkələrə ixrac illik müqayisədə 4,6 faiz artıb.
Qonşu ölkələr arasında Türkiyənin ən çox ixrac etdiyi ölkə 10,3 milyard dollarla İraq olub. İraqı 4,7 milyard dollarla Bolqarıstan, 3,5 milyard dollarla Yunanıstan və 2,6 milyard dollarla Suriya izləyib.
2025-ci ildə ixrac artımının ən yüksək olduğu ölkə təxminən 70 faizlə Suriya olub. Bolqarıstana ixrac 6,8 faiz, Yunanıstana ixrac isə 4,5 faiz artıb.