Marko Yankoviç: "Qurban Qurbanov haqqında kitab yazmaq olar"
Azərbaycanın “Qarabağ” futbol klubunun yarımmüdafiəçisi Marko Yankoviç “atlılar”a transferini xatırlayıb, komandanın çıxışından və baş məşqçi Qurban Qurbanovdan danışıb.
Operativ Media futbolçunun Mozzartsport.com-a verdiyi müsahibəni təqdim edir.
- “Qarabağ” karyeranızda ən doğru seçim olub?
- Mən buna uyğunluq baxımından yanaşıram. Futbolçuların keyfiyyəti ilə baş məşqçinin ideyaları üst-üstə düşməlidir ki, bütöv bir sistem yaransın və futbolçu ön plana çıxa bilsin. Çox vaxt olur ki, fenomenal oyunçular müəyyən sistemlərdə öz keyfiyyətlərini göstərə bilmirlər. Bu, həmin sistemin onlara uyğun olmamasının açıq göstəricisidir. Şübhəsiz ki, mən ən yaxşı oyunlarımı və ən yaxşı futbolumu məhz “Qarabağ”da göstərmişəm.
- Keçmişdə Polşanın “Legiya” klubuna keçmək şansınız olmuşdu, lakin tibbi müayinədən keçmədiyiniz üçün transfer baş tutmadı.
- Mən İtaliyada idim və bir müddət oynamırdım. Daha sonra “Legiya” variantı yarandı. Tibbi müayinədən sonra guya hazır olmadığımı dedilər. Bu, tam cəfəngiyyat idi. 20 ildir futbol oynayan bir insan necə hazır olmaya bilər? Məni sözün əsl mənasında qurban verdilər. Karyeramla oynanan bir vəziyyətə düşdüm. Bundan sonra karyeramda ciddi dönüş başladı. Bir neçə variantım qalmışdı və İsraili seçməsəydim, bu, fəlakət olardı. Bir il oyunsuz qaldıqdan sonra bunu daha yaxşı anladım.
- “Qarabağ” sizi Monteneqro millisindəki çıxışlarınıza görə izləyirdi?
- Onlar milli komandadan komanda yoldaşım Marko Veşoviçi izləyirdilər və mən də diqqətlərini çəkdim. Marko dərhal klubun nə qədər ciddi olduğunu dedi. Bu, artıq məlum idi. “Qarabağ” 10 il ardıcıl avrokuboklarda çıxış edirdi. Mənə elit və rəqabətli futbola qayıtmaq üçün belə bir klub lazım idi. Çempionlar Liqası, Avropa Liqası, ölkə çempionu statusu – danışıqlar zamanı gördüm ki, klubda hər şey sistemlidir, uzunmüddətli plan və prinsiplər var.
- Son illərdə mövqeyiniz dəyişib.
Son beş ildə başqa mövqedə oynayıram. Artıq nə cinah oyunçusuyam, nə də hücumameyilli yarımmüdafiəçi. Dayaq yarımmüdafiəçisi kimi çıxış edirəm. Müdafiəyə kömək edir, hücuma da qoşuluram. Bu, futbolda çox rast gəlinən dəyişiklik deyil.
- Bu dəyişiklik necə baş verdi?
İsraildə, “Beytar”da oynadığım vaxt idi. Klub ağır vəziyyətdə idi. Yeni baş məşqçi – təcrübəli Yossi Mizrahi gəldi və dedi ki, yarımmüdafiədə boşluq var, hücumçuları kimsə qidalandırmalıdır. Mənə bunu bacara biləcəyimi dedi. Əvvəl tərəddüd etdim, amma məşqlərdə gördüm ki, topu qəbul edib oyunu idarə edə bilirəm. Daha sonra “Qarabağ”a keçdim.
- Çempionlar Liqasındakı rəqibləriniz güclü idi.
Əgər sistemli işimiz və düşüncə tərzimiz olmasaydı, bu nəticələr olmazdı. Qurban Qurbanovun fəlsəfəsi budur: kimlə oynamağımızdan asılı olmayaraq, eyni üslubda – açıq və hücum futbolu oynamaq. Bu yanaşma illərdir davam edir və nəticə verir. O, 17 ildir komandaya rəhbərlik edir, 11 dəfə çempion olub, büdcəsi dəfələrlə az olan klubla nəhənglərdən xal alır.
- "Transfermarkt" “Qarabağ”ı ÇL-də 35-ci yerdə göstərir.
- "Transfermarkt" düzgün meyar deyil. Qiymətləndirmə əsasən daxili çempionatlara görə aparılır. Halbuki Avropada illərlə nəticə göstərən futbolçular da buna uyğun dəyərləndirilməlidir. Çempionlar Liqasındakı bütün bu oyunlardan sonra dəyərimin cəmi 100 min avro artması gülməlidir (gülür).
- Komandanın əsas üstünlüyü nədir?
Əsas üstünlüyümüz fiziki hazırlıqdır. Fiziki və taktiki cəhətdən hazır olmasaq, bunların heç biri mümkün olmazdı. Biz hamı ilə rəqabət aparmağa çalışırıq. Bəzən alınır, bəzən yox, amma məqsədimiz budur.
- Son illərdə böyük eniş-yoxuşlar yaşadınız.
Bu futboldur. Hətta “Barselona”, “Real” belə sabitliyi qoruya bilmir. “Qarabağ” kimi komanda üçün bu daha çətindir. Keçən mövsüm Avropa Liqasında yaxşı oynadıq, amma xal qazana bilmədik. Bu mövsüm isə daha motivasiyalı başladıq. Mən inanıram ki, uğur zəhmətin nəticəsidir.
- Qurban Qurbanov necə insandır?
- Onun haqqında kitab yazmaq olar. Ambisiyası, iradəsi, səbr və əzmi inanılmazdır. Daim inkişaf etmək istəyir və bunu futbolçulara da ötürür. “Qarabağ” hər futbolçu üçün uyğun klub deyil. Biz əsl orduyıq. Kim tələblərə dözürsə, qalır; dözmürsə, gedir. O, təkcə baş məşqçi deyil, Azərbaycanın dünyadakı ən yaxşı təbliğatçılarından biridir.
- “Qarabağ” Ağdamda oynamır.
Avrokuboklarda stadion dolur, maraq böyükdür. Amma daxili çempionatda azarkeş az olur. Halbuki onların dəstəyi bizim üçün çox önəmlidir.
- Qarşıda “Ayntraxt” və “Liverpul”la oyunlar var.
Məqsədimiz 10 xalla mərhələni keçməkdir. “Ayntraxt”la evdə oynayırıq və ümid edirik ki, daha yaxşı nəticə əldə edəcəyik. “Liverpul”a qarşı da hər oyunda olduğu kimi, sona qədər mübarizə aparacağıq.
- “Bayer”lə oyunlar hələ də xatırlanır.
İndi gülümsəyirəm, amma o vaxt 20 gün yata bilmirdim. Bu, faciə idi. Amma hər il bir addım irəli gedirik.
- Gələcək planlarınız?
- Müqaviləm 2027-yə qədərdir. “Qarabağ”da tarix yazmışam. Əgər bir gün ayrılmalı olsam, bunu qalib kimi, hörmətlə etmək istəyirəm.
- Saşa İliçin “Sumqayıt”dakı işi?
- O, möhtəşəm iş görür. Komanda inkişaf edir, gözəl futbol oynayır. Bu, məşqçinin əlinin işidir. Gələcəkdə onu daha böyük klubda görəcəyik.