Elm və biznesin vəhdəti, süni intellekt texnologiyalarının imkanları və ortaq hədəflər
23 oktyabr 2026-cı il tarixində MegaSec MMC-nin ofisində Kembric Universitetinin professoru və elmi qrup rəhbəri, Azərbaycanın Əməkdar elm xadimi professor Qərib Mürşüdovun iştirakı ilə elm, təhsil, biznes və süni intellekt sahələrinin nümayəndələri bir araya gəliblər.
Operativ Media xəbər verir ki, görüşdə Bakı Mühəndislik Universitetinin rektoru Yaqub Piriyev, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizov, ADNSU-nun elm və innovasiya məsələləri üzrə prorektoru Elviz İsmayılov, universitet nəzdində yaradılmış Süni İntellekt İnstitutunun rəhbəri Yusif İbrahimov, ADA Universitetinin elektrik və elektronika mühəndisliyi üzrə professoru və ADNSU rektorunun müşaviri Orxan Kərimzadə, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov və Milli Məclisin deputatı Ceyhun Məmmədov iştirak ediblər.
Əsas müzakirə mövzuları elmi tədqiqatların texnoloji innovasiyalarla əlaqələndirilməsi, süni intellekt sahəsində elmi potensialın gücləndirilməsi, akademik biliklərin praktiki həllərə çevrilməsi və ali təhsil müəssisələri ilə özəl sektor arasında əməkdaşlığın genişləndirilməsi olub. Həmçinin yeni məhsulların hazırlanması, birgə tədqiqat təşəbbüslərinin inkişafı və elmi nəticələrin biznes mühitində tətbiqi imkanları ətrafında fikir mübadiləsi aparılıb.
İştirakçılar elm və biznes arasında əlaqələrin gücləndirilməsi, universitetlərin elmi potensialından daha səmərəli istifadə olunması və innovativ texnologiyaların inkişafına yönəlmiş birgə təşəbbüslərin əhəmiyyətini vurğulayıblar.
Görüş elmi biliklərin praktiki tətbiqinin genişləndirilməsi və süni intellekt sahəsində yeni əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi baxımından əhəmiyyət daşıyıb.