Azərbaycanda hansı plastik məhsulların istehsalı və satışı qadağandır? - CƏRİMƏLƏR
Azərbaycanda qalınlığı 15 mikrona qədər olan polietilen torbaların və bir sıra birdəfəlik plastik məhsulların idxalı, istehsalı, satışı və ya istehlakçıya verilməsi ciddi cərimə ilə nəticələnə bilər.
Operativ Media xəbər verir ki, sahibkarlar tərəfindən qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, həmçinin birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuqların, çəngəllərin, qaşıqların, bıçaqların, boşqabların və stəkanların idxalına və istehsalına yol verilmir.
Bu plastik məhsulların ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılması və ya verilməsi də inzibati məsuliyyət yaradır.
Belə hallarda inzibati xətanın bilavasitə obyekti olan plastik materiallar müsadirə edilir.
Qaydanı pozan vəzifəli şəxslər 1 000 manatdan 1 500 manatadək, hüquqi şəxslər isə 3 000 manatdan 4 000 manatadək cərimələnir.
Eyni xəta inzibati tənbeh almış şəxs tərəfindən qərarın qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilərsə, daha yüksək cərimə tətbiq olunur.
Bu halda da inzibati xətanın bilavasitə obyekti olan plastik materiallar müsadirə edilir.
Təkrar pozuntuya yol verən vəzifəli şəxslər 1 500 manatdan 2 000 manatadək, hüquqi şəxslər isə 4 000 manatdan 5 000 manatadək cərimələnir.