Sərkan Kaya: “Azərbaycanın qonaqpərvərliyinin şəxsən şahidi oldum”
Azərbaycanın qonaqpərvərliyinin şəxsən şahidi oldum.
Bunu Operativ Media-ya açıqlamasında Türkiyə U-15 millisinin futbolçusunun atası Sərkan Kaya deyib.
O bildirib ki, Azərbaycanda olmaqdan məmnundur və ölkəmizdə yaradılan şəraitdən razı qalıb.
“Açığı, Azərbaycana gələndə təşkilatçılığın necə olacağı ilə bağlı müəyyən suallarımız var idi. Bununla maraqlanırdıq. Ancaq gördük ki, əvvəllər boş ərazi olan yerdə möhtəşəm bir kompleks inşa edilib.
Təşkilatçılıq FIFA-nın nəzarəti altında həyata keçirilir. Bir az əvvəl FIFA prezidentimizlə də danışdım və ona təşəkkür etdim. O da burada böyük səylər göstərdiklərini, həmçinin U-20 Dünya Çempionatının Bakıda keçirilməsinə qərar verildiyini və bunun dünən elan olunduğunu bildirdi. Bu qərardan məmnun olduğunu dedi.
Mən də Azərbaycanın burada yaratdığı şəraiti gördükdən sonra bir türk olaraq Azərbaycan Futbol Federasiyasına və əməyi olan bütün Azərbaycan rəsmilərinə təşəkkür edirəm. Çox məmnunam. Həqiqətən də, çox xoş bir mühitdəyik.
Azərbaycanın qonaqpərvərliyinin yalnız türklərə deyil, digər ölkələrin vətəndaşlarına da göstərildiyinin şəxsən şahidi oldum.
Həmişə hər yerdə deyirik ki, bütün türklər qardaşdır. Ancaq mən bunu bir qədər də genişləndirmək istəyirəm. Əslində, bütün insanlar qardaşdır. İnsanları heç vaxt kateqoriyalara ayırmamalıyıq. Məncə, qısaca desək, insanları yaxşı və pis olaraq dəyərləndirə bilərik.
Azərbaycanda da yaxşı insanların çox olduğuna inanıram və bunu özüm də gördüm.
Bir daha bütün Azərbaycan rəsmilərinə təşəkkür etmək istəyirəm”, – deyə Sərkan Kaya bildirib.