Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüşün yeri və vaxtı açıqlanıb
Ukrayna, ABŞ və Rusiya nümayəndələrinin iştirakı ilə ilk üçtərəfli texniki danışıqların noyabrın ilk yarısında Əbu-Dabidə keçirilməsi nəzərdə tutulur.
Operativ Media xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat verib.
Zelenski bildirib ki, texniki səviyyədə keçiriləcək müzakirələrdən sonra üç ölkənin dövlət başçılarının iştirakı ilə görüşün təşkili də gündəmə gələ bilər.
Ukrayna Prezidenti cümə günü ABŞ Prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerlə danışdığını açıqlayıb.
Onun sözlərinə görə, ABŞ rəsmiləri həftənin əvvəlində Rusiya Prezidenti Vladimir Putinlə də görüşüblər.
Zelenski danışıqların mümkün qədər tez, noyabrın birinci yarısında keçirilməsinin planlaşdırıldığını deyib. O, görüşün reallaşmasının Rusiyanın mövqeyindən asılı olduğunu bildirib və Moskvanı oktyabrda nəzərdə tutulan oxşar danışıqların baş tutmasına mane olmaqda ittiham edib.
Ukrayna lideri mümkün sülh razılaşmasında ölkəsinin təhlükəsizliyinə dair etibarlı təminatların yer almasının vacibliyini vurğulayıb. O qeyd edib ki, bu təminatlar Ukrayna ordusunun döyüş qabiliyyətinin saxlanılması üçün növbəti 10 il ərzində maliyyə dəstəyini də əhatə etməlidir.
Zelenski Avropa dövlətlərinin də sülh prosesində iştirak etməli olduğunu bildirib.