Menyu

Lionel Messi milli komandaya qayıdışının pərdəarxası məqamlarını açıqladı

Əziz Əzizli
Lionel Messi milli komandaya qayıdışının pərdəarxası məqamlarını açıqladı

“İnter Mayami” klubunun və Argentina milli komandasının hücumçusu Lionel Messi 2016-cı ildə yığmaya qayıtmaq qərarı verdiyi dövrü xatırlayıb.

Operativ Media xəbər verir ki, hücumçu “Barselona”dakı böyük uğurlarına baxmayaraq, Argentinada özünü autsayder kimi hiss etdiyini bildirib. Messi həmçinin həmvətənləri tərəfindən ailəsinə ünvanlanan tənqidlərdən də narazılıq etdiyini vurğulayıb.

O, 2016-cı il Amerika Kubokunun finalında Çili yığmasına penaltilər seriyasında məğlub olduqdan (0:0, penaltilərdə 2:4) sonra milli komandadan ayrıldığını xatırladıb. Həmin görüş 26 iyunda baş tutub, Messi isə avqustun 12-də yenidən yığmaya qayıdıb.

“Milli komandaya verə biləcəyim başqa bir şeyin qalmadığını düşündüyüm anda özümü çox pis hiss edirdim. Xoşbəxtlikdən, verdiyim qərarı geri götürə bildim. Bu, heç vaxt təslim olmamağın ən yaxşı nümunəsidir”, – deyə Messi bildirib.

ESPN-in məlumatına görə, futbolçu əlavə edib: “Mənim üçün ayağa qalxan və məni qorumaq naminə hər kəslə mübarizə aparmağa hazır olan bir nəsil gördüm. Bu, nəsillər arasındakı fərqlə bağlı məsələdir”.

Lionel Messi Argentina milli komandası ilə 2022-ci il dünya çempionatının, həmçinin 2021 və 2024-cü illərdə Amerika Kubokunun qalibi olub. O, eyni zamanda 2022-ci ildə Finalissima turnirində də çempionluq yaşayıb. Messi 2016-cı ildə milli karyerasını başa vurmaq qərarı verməzdən əvvəl üç Amerika Kuboku finalında (2007, 2015 və 2016-cı illərdə) və bir dünya çempionatının finalında (2014-cü ildə) məğlubiyyətlə üzləşmişdi.

38 yaşlı hücumçu Argentina millisinin heyətində 196 oyun keçirib, 115 qol vurub və 64 məhsuldar ötürmə edib.

Əlaqəli Xəbərlər