Kennedi Boatenq: “Neftçi”yə keçidim klubun qərarına görə baş tutmadı
Rumıniyanın "Dinamo" klubunda çıxış edən futbolçu Kennedi Boatenq mövsümün əvvəlində "Neftçi"yə keçidinin alınmaması barədə danışıb.
Operativ Media xəbər verir ki, "Digisport"a açıqlama verən müdafiəçi "ağ-qaralar"ın ona maraq göstərdiyini etiraf edib.
Toqolu oyunçu Rumıniya komandasından ayrılmağa yaxın olduğunu da söyləyib:
"Bir futbolçu bəzən maliyyə səbəblərinə görə də klubu dəyişmək istəyir. Açığı, ora getmək istəyirdim, bunun mənim üçün yaxşı olacağını hiss edirdim, amma baş tutmadı. Mən "Dinamo"nun futbolçusu idim və klubla müqaviləm var idi. Əgər "Dinamo" razı deyildisə, "Neftçi"yə gedə bilməzdim. Belə hallarda klubun səlahiyyəti daha böyük olur. Klub mənim qalmağımın daha yaxşı olduğuna qərar verdi. Həmin anda klubun istədiyini qəbul etməli oldum. Mən də bunu etdim".
Qeyd edək ki, Kennedi Boatenqin "Dinamo" ilə müqaviləsi cari mövsümün sonunda başa çatacaq.