Darren Fletçer "Mançester Yunayted"in müvəqqəti baş məşqçisi təyin edilib
"Mançester Yunayted”in keçmiş yarımmüdafiəçisi Darren Fletçer klubun müvəqqəti baş məşqçisi təyin edilib.
Operativ Media xəbər verir ki, o, “Qırmızı şeytanlar”ın 7 yanvar, çərşənbə günü Premyer Liqa çərçivəsində “Börnli”yə qarşı keçirəcəyi oyunda komandaya rəhbərlik edəcək.
Keçmiş müdafiəçi Conni Evans Darren Fletçerin köməkçisi təyin olunub. 38 yaşlı şimali irlandiyalı futbolçu dekabr ayında klubun icarə və oyunçu inkişafı proqramları üzrə rəhbər vəzifəsindən ayrılıb. O, bu postu iyul ayından etibarən tuturdu.
Mətbuat konfransında Darren Fletçer hisslərini bölüşüb:
“Komandaya rəhbərlik etmək imkanı əldə etmək inanılmaz bir şərəfdir. Bu, hətta ən dəli xəyallarımdan belə üstündür. Bununla həqiqətən fəxr edirəm. Baxmayaraq ki, bu, gözlədiyim şəraitdə baş vermədi və hələ də baş verənləri tam dərk etmirəm, qarşımdakı vəzifəyə fokuslanmalıyam. Görüləsi çox iş var”.
Xatırladaq ki, yanvarın 5-də “Mançester Yunayted” Ruben Amorimin istefasını elan edib. Daha əvvəl klubun U-18 komandasını çalışdırmış Darren Fletçer müvəqqəti olaraq baş məşqçi vəzifəsini icra edir.
Britaniya mətbuatının məlumatına görə, klub mövsümün sonuna qədər komandaya rəhbərlik edəcək mütəxəssis axtarışlarını davam etdirir. Artıq keçmiş futbolçular Ole Qunnar Sulşer və Maykl Kerriklə danışıqlar aparılıb.
Hazırda “Mançester Yunayted” Premyer Liqada 20 oyundan sonra 31 xalla 6-cı pillədə qərarlaşıb.