Avstriya Azərbaycandan xam neft məhsullarının tədarükünü artırıb
Operativ Media
2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycandan Avstriyaya 87,9 milyon ABŞ dolları dəyərində 177,5 min tondan çox xam neft və neft məhsulları ixrac olunub.
Dövlət Gömrük Komitəsindən Operativ Media-ya verilən məlumata əsasən, bu, 2024-cü ilin müvafiq göstəricilərini dəyər ifadəsində 1,8 dəfə və ya 40 milyon dollar, həcm baxımından isə 2 dəfə və ya 91,6 min ton üstələyir.
Ötən ilin 11 ayı ərzində ölkədən ümumilikdə 11,51 milyard dollar dəyərində 22,13 milyon tondan çox xam neft məhsulları ixrac edilib. Bu məhsul kateqoriyası üzrə idxalçı ölkələr sırasında Avstriya 16-ci yerdə qərarlaşıb və ixrac həcminin 0,8 faizi bu ölkənin payına düşüb.