“Neftçi TV”nin lisenziyası ləğv edilib
Audiovizual Şura “Neftçi TV” kanalı ilə bağlı qərar qəbul edib.
Operativ Media xəbər verir ki, peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyasına malik olan “Neftçi TV” son 1 il ərzində birbaşa internet üzərindən davamlı yayımı təmin edə bilməyib. Bu səbəbdən Audiovizual Şura tərəfindən kanalın hüquqi sahibi olan “Neftçi Media” MMC-yə bir neçə dəfə bildiriş göndərilib və rəsmi xəbərdarlıq edilib.
Yayım fəaliyyətini davam etdirməyin mümkün olmaması ilə əlaqədar “Neftçi Media” MMC lisenziyanın ləğvi məqsədilə Audiovizual Şuraya müraciət edib. Lisenziya sahibinin müraciətini nəzərə alan Audiovizual Şura “Neftçi TV” kanalı üçün verilmiş peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyasının ləğv edilməsi barədə qərar qəbul edib.