4SİM Dünya İqtisadi Forumunun 56-cı İllik Toplantısında təmsil olunacaq
İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiyası Mərkəzi (4SİM) 19-23 yanvar 2026-cı il tarixlərində İsveçrənin Davos şəhərində keçiriləcək Dünya İqtisadi Forumunun (DİF) 56-cı İllik Toplantısında təmsil olunacaq.
Operativ Media xəbər verir ki, illik Toplantının məqsədi qlobal dialoq vasitəsilə iqtisadi inkişafın sürətləndirilməsi, enerji keçidinin dəstəklənməsi, rəqəmsal transformasiyanın genişləndirilməsi və uzunmüddətli dayanıqlılıq üzrə birgə həllərin formalaşdırılmasıdır.
4SİM DİF-in Dördüncü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsinin Azərbaycandakı mərkəzi olaraq MDB regionunda ilk, dünya üzrə isə 24 mərkəzdən biridir. Dünya İqtisadi Forumu ilə əməkdaşlıq çərçivəsində süni intellekt, rəqəmsal iqtisadiyyat, Sənaye 4.0 və enerji transformasiyası sahələrini əhatə edən 15-dən çox birgə təşəbbüs həyata keçirilir.
Forum çərçivəsində “Texnoloji transformasiya vasitəsilə enerji keçidinin sürətləndirilməsi: süni intellekt əsaslı sənaye” mövzusunda sessiya təşkil olunacaq. Müzakirələr enerji sektorunda süni intellekt və rəqəmsal texnologiyaların sənaye miqyasında tətbiqi, əməliyyat səmərəliliyinin artırılması və aşağı karbonlu keçidin sürətləndirilməsi məsələlərinə həsr olunacaq.
4SİM-in icraçı direktoru Fariz Cəfərov Davosda Estoniya hökuməti tərəfindən təşkil olunan “Govtech-in geniş miqyasda tətbiqi: keçmişi sadəcə rəqəmsallaşdırmaq deyil, süni intellekt dövrünü idarə etmək” və “Proseperity Path” şirkəti tərəfindən təşkil olunan “Enerji sistemlərinin transformasiyası: süni intellekt, data mərkəzləri və enerji saxlanma həlləri” adlı sessiyalarda spiker qismində çıxış edəcək.
Davos Forumu bu il 130 ölkədən 3000-dən çox iştirakçını, o cümlədən 60 dövlət və hökumət başçısını, 900-dən çox şirkət rəhbərini, 1600 biznes liderini, eləcə də beynəlxalq təşkilatların, vətəndaş cəmiyyətinin və akademik dairələrin nümayəndələrini bir araya gətirəcək. Forum çərçivəsində ümumilikdə 194 sessiyanın keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, 4SİM DİF-in beş əsas mərkəzi ilə sıx əməkdaşlıq edir və bu əməkdaşlıq nəticəsində DİF-in rəsmi platformalarında 5 birgə hesabat dərc olunub, həmçinin 10-dan çox birgə beynəlxalq tədbir təşkil edilib.