Azərbaycan Maliyyə Nazirliyi və Dünya Bankı arasında təlimlərin növbəti mərhələsi keçirilib
Azərbaycan Maliyyə Nazirliyi və Dünya Bankı arasında əməkdaşlıq çərçivəsində proqram və nəticəəsaslı büdcə mexanizminin tətbiqi sahəsində potensialın artırılması üçün xüsusi tədris proqramı üzrə təlimlərin növbəti mərhələsi keçirilib.
Bu barədə Operativ Media nazirliyə isitinadən xəbər verir.
12-16 yanvar tarixlərində qrup formatında təşkil edilmiş təlimlərdə yeni büdcə mexanizminə keçid islahatlarına cəlb olunmuş "Təhsil", "Sosial müdafiə və sosial təminat", "Kənd təsərrüfatı" və "Ətraf mühitin mühafizəsi" sektorlarında fəaliyyət göstərən 49 dövlət qurumundan 150-dən çox nümayəndə iştirak edib.
Dünya Bankının "Azərbaycanda Ortamüddətli Xərclər Çərçivəsi üzrə Potensialın Gücləndirilməsi" layihəsi çərçivəsində təşkil etdiyi təlimlərin məqsədi sektorlarda fəaliyyəti olan təşkilatlarda monitorinqin aparılması üçün icra hesabatlarının, habelə sektor üzrə strateji hədəflərə nail olunmasının icra vəziyyəti barədə hesabatın hazırlanması sahəsində potensialın artırılmasıdır.
Təlimlər müddətində Dünya Bankının ekspertləri tərəfindən icra göstəricilərinin, o cümlədən tədbirlərin icrasından əldə edilmiş nəticələrin təhlil edilməsi yolu ilə monitorinqin aparılması sahəsində praktiki məşğələlər və interaktiv sessiyalar təşkil olunub.