Ruslan Əmircanov “Liverpul”la oyun haqda: “Bu futboldur, ada-sana baxmır”

Qurban Qurbanovun komandanı bu oyuna necə lazımdır kökləyib çıxardacaq.
Bu sözləri Operativ Media-ya Azərbaycan millisinin sabiq futbolçusu Ruslan Əmircanov UEFA Çempionlar Liqasının Liqa mərhələsinin son turu çərçivəsində keçiriləcək “Liverpul” – “Qarabağ” oyunu ilə bağlı açıqlamasında bildirib.
R.Əmircanov qarşılaşmanın maraqlı keçəcəyini bildirib:
“Liverpul”la oyunda futbol şousu olacaq. “Qarabağ” bu mövsüm Avropada uğurlu çıxışı ilə hamının diqqətini özünə cəlb etməyi bacarıb. İnanıram ki, Qurban Qurbanovun komandanı bu oyuna necə lazımdır kökləyib çıxardacaq. Uşaqlar da oyunun mahiyyətini bilir. İndiyə qədər klublarımızın qoymadığı izi “Qarabağ” qoyub və bu son addımdır”.
Sabiq futbolçu rəqib komandanın gücünə də toxunub:
“Liverpul” haqda nəsə danışmağa ehtiyac yoxdur. Dünyanın ən böyük klublarından biridir. İngiltərə Premyer Liqasında çempionluğa iddialı komandalardandır. Adlı-sanlı futbolçuları var. Amma bu futboldur, ada-sana baxmır. “Barselona”, “Real Madrid” də milyonluq oyunçuları olmasına baxmayaraq gəlir 3-cü liqa komandasına məğlub olur. Bu futboldur. Hər şey ola bilər”.
Əmircanov oyunun nəticəsi ilə bağlı da fikirlərini açıqlayıb: “Kim daha istəkli olacaq, kim daha çox mübarizə aparacaq, o komanda da qalib olacaq. İçimdə bir hiss var ki, “Qarabağ” məğlub olmayacaq. Oyunun heç-heçə bitəcəyini gözləyirəm. İnanıram ki, “Qarabağ” ilk 24-lüyə düşəcək”.