Menyu

Kommunal xidmətlərdə düzgün rəsmiləşdirmə niyə vacibdir?

Ayşən Sadıxzadə
Kommunal xidmətlərdə düzgün rəsmiləşdirmə niyə vacibdir?

Qaz, işıq və su abonentliyinin faktiki istifadəçinin adına rəsmiləşdirilməsi təkcə texniki prosedur deyil, həm də mühüm hüquqi məsələdir. Bir çox vətəndaş bunu ikinci dərəcəli hesab etsə də, təcrübə göstərir ki, kommunal xidmətlərin kimin adına olması sonradan yaranan mübahisələrdə ciddi rol oynayır.

Bu barədə Operativ Media-ya Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Əminə İsmayılzadə məlumat verib.

Onun sözlərinə görə, məhkəmə çəkişmələri zamanı kommunal ödənişlər və abonentlik məlumatları şəxsin müəyyən ünvanda faktiki yaşadığını sübut edən mühüm dəlillərdən biri hesab olunur. Xüsusilə ailə mübahisələrində, əmlak çəkişmələrində, vərəsəlik işlərində və istifadə hüququnun sübutu zamanı qaz, işıq və su abonentliyinin kimin adına olması həlledici əhəmiyyət daşıya bilər. Abonentliyin başqa şəxsin adına olması faktiki istifadəçinin hüquqi mövqeyini zəiflədə bilər.

Vəkil bildirib ki, digər mühüm məqam borc riskləri ilə bağlıdır. Abonentlik başqa şəxsin adına olduqda əvvəlki istifadəçinin borcu, cəriməsi və ya texniki öhdəlikləri yeni istifadəçi üçün problem yarada bilər. Xidmətlərin dayandırılması və ya yenidən qoşulması zamanı vətəndaş çətin vəziyyətlə üzləşə bilər.

Eyni zamanda, sosial yardımlar, subsidiyalar və rəsmi müraciətlər zamanı faktiki yaşayış yerini təsdiq edən sənədlər tələb olunur. Kommunal abonentlik məlumatları bu halda əsas sübutlardan biri kimi qəbul edilir.

Abonentliyin vətəndaşın öz adına olması sayğacla bağlı əməliyyat aparmaq, məlumatları dəyişdirmək, xidmət keyfiyyəti ilə bağlı müraciət etmək və hüquqlarını tələb etmək imkanı yaradır. Əks halda, bu hüquqlar məhdudlaşır.

Əgər ev üzrə çıxarış mövcuddursa, abonentlik yalnız çıxarışda adı göstərilən şəxsə məxsus ola bilər. Çıxarış başqa şəxsin adınadırsa, kommunal xidmətləri öz adına keçirmək mümkün deyil. Bunun üçün əmlak alqı-satqı və ya bağışlama yolu ilə həmin şəxsin adına keçirilməli və yeni çıxarış rəsmiləşdirilməlidir. Yalnız çıxarış yeni sahibin adına olduqdan sonra abonentlik dəyişdirilə bilər. Bunun üçün çıxarış, abonent kodu və ya sayğacın nömrəsi, həmçinin smart kart (mövcuddursa) tələb olunur.

Ev sənədsizdirsə, məsələn, bəzi bağ evlərində və ya çoxmənzilli binalarda abonentliyin dəyişdirilməsi qarşılıqlı razılıq əsasında mümkündür. Bu zaman mövcud abonent notarial qaydada təsdiqlənmiş razılıq ərizəsi təqdim etməlidir. Yeni istifadəçi isə şəxsiyyət vəsiqəsi, abonent kodu və ya sayğac nömrəsi və notarial razılıqla müraciət edir. Borc olmadığı halda abonentlik dəyişdirilir, borc varsa, əvvəlcə tam ödənilməlidir.

Bakıda bu xidmətlər 1, 2 və 3 saylı ASAN Kommunal mərkəzlərində, su və işıq üzrə isə əlavə olaraq 6 saylı ASAN Xidmət mərkəzində həyata keçirilir. İşıq üzrə müraciətlər əksər hallarda dərhal, bəzi hallarda maksimum 5 iş günü ərzində icra olunur. Su və qaz üzrə isə prosedur adətən 3 iş günü çəkir.

Qeyri-əhali abonentləri, yəni hüquqi şəxslər üçün sənədlər bir qədər fərqlidir. Qaz üzrə etibarnamə və nümayəndənin şəxsiyyət vəsiqəsi, son qaz alqı-satqı müqaviləsi, mülkiyyəti təsdiq edən sənəd, VÖEN, abonent kodu və ya sayğac nömrəsi, smart kart (mövcuddursa), Dövlət Vergi Xidmətindən fəaliyyət növü barədə arayış və yeni abonentlər üçün Forma-1 tələb olunur. Xidmət ödənişsizdir və adətən dərhal icra edilir. İşıq və su üzrə isə VÖEN, şəxsiyyət vəsiqəsi, etibarnamə (təmsilçi olduqda), mülkiyyəti təsdiq edən sənəd, abonent kodu və ya sayğac nömrəsi və smart kart təqdim edilməlidir.

Mülkiyyətçi vəfat etdikdə prosedur daha mürəkkəb olur. Bu halda ilk növbədə vərəsəlik işi açılmalı, vərəsələr rəsmi qaydada müəyyən edilməlidir. Vərəsəlik şəhadətnaməsi təqdim edilmədən abonentlik dəyişdirilə bilməz. Yalnız həmin sənəd əldə olunduqdan sonra abonentlik yeni şəxsin adına keçirilə bilər.

Vəkil vurğulayıb ki, kommunal xidmətlərin öz adına rəsmiləşdirilməsi gələcək hüquqi risklərin qarşısını alan mühüm addımdır. Əmlakın satışı, bağışlanması, icarəsi və ya vərəsəlik hallarında məsələlərin əvvəlcədən düzgün tənzimlənməsi uzunmüddətli mübahisələrin qarşısını alır. Bu səbəbdən vətəndaşlara yaşadıqları ev üzrə qaz, işıq və su abonentliyini mütləq şəkildə öz adlarına keçirmələri tövsiyə olunur.

Əlaqəli Xəbərlər