Menyu

Fərdi sahibkarlar üçün lisenziya almaq qaydası necədir? - İZAH

Ayşən Sadıxzadə
Fərdi sahibkarlar üçün lisenziya almaq qaydası necədir? - İZAH

Lisenziya müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi üçün lisenziya verən orqan tərəfindən ərizəçiyə verilən rəsmi sənəddir. Fərdi sahibkar fəaliyyəti üçün lisenziyanın alınması qaydası Azərbaycan Respublikası qanunvericiliyi ilə tənzimlənir. 

Bu barədə Operativ Media-ya Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyinin sədri Fariz Əkbərov məlumat verib.

Onun sözlərinə görə, “Lisenziyalar və icazələr haqqında” Qanunun 4-cü maddəsinə əsasən lisenziya tələb olunan fəaliyyət növləri müəyyən edilərkən bir sıra meyarlar nəzərə alınır.

Belə ki, fəaliyyət növü dövlət təhlükəsizliyinə təsir etdikdə, məhdud təbii ehtiyatlardan istifadəni nəzərdə tutduqda, ətraf mühitin ekoloji vəziyyətinə mənfi təsir göstərə bildikdə və ya qeyri-məhdud sayda şəxslərin həyatı, sağlamlığı və əmlakı üçün təhlükə yaratdıqda həmin fəaliyyət üçün lisenziya tələb olunur.

Hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən 23 sahibkarlıq fəaliyyəti növü üzrə lisenziyalar verilir. Nazirlik “Lisenziyalar və icazələr” portalı ilə yanaşı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin tabeliyində fəaliyyət göstərən KOB evləri və “ASAN xidmət” mərkəzləri vasitəsilə sahibkarlara xidmət göstərir, ərizələrin qəbulunu və lisenziyaların verilməsini həyata keçirir.

Bundan əlavə, “ASAN xidmət” mərkəzlərində və KOB evlərində vaxt itkisini azaltmaq və sənədləşməni optimallaşdırmaq məqsədilə lisenziya almaq istəyən sahibkarlara İqtisadiyyat Nazirliyi tərəfindən məsləhət xidmətləri də göstərilir.

Lisenziya almaq üçün ərizə təqdim edilməlidir. Ərizəyə bir sıra sənədlər əlavə olunur. Əgər ərizəçi fərdi sahibkardırsa, şəxsiyyət vəsiqəsinin surəti, vergi ödəyicisi kimi uçota alınma haqqında şəhadətnamənin surəti, ərizədə göstərilən obyektlər üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənəd, eləcə də lisenziya şərtlərinin yerinə yetirilməsini təsdiq edən sənədlər təqdim edilməlidir. Fəaliyyət növündən asılı olaraq qanunvericilik və Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş əlavə şərtləri təsdiq edən sənədlər də tələb oluna bilər.

Təqdim edilmiş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə, lisenziya verən orqan ərizənin qeydiyyata alındığı tarixdən 5 iş günü ərzində bu barədə ərizəçiyə məlumat verir. Ərizəçi çatışmazlıqları ən geci 10 iş günü ərzində aradan qaldırmalıdır. Bu müddətdə lisenziyanın verilməsi ilə bağlı müddətin axımı dayandırılır və dayandırılmış vaxt ümumi baxılma müddətinə daxil edilmir. Əgər çatışmazlıqlar 10 iş günü ərzində aradan qaldırılmazsa, lisenziya verən orqan ərizənin baxılmamış saxlanılması barədə inzibati akt qəbul edir və bu barədə 2 iş günü müddətində ərizəçiyə məlumat verir.

Çatışmazlıqlar aradan qaldırıldıqdan sonra ərizəçi lisenziya almaq üçün yenidən müraciət edə bilər.

Əlaqəli Xəbərlər