Menyu

Elektron ticarətlə məşğul olmaq üçün rəsmi tələblər nələrdir?

Ayşən Sadıxzadə
Elektron ticarətlə məşğul olmaq üçün rəsmi tələblər nələrdir?

“Onlayn, yəni elektron ticarət informasiya sistemlərindən istifadə edilməklə malların alqı-satqısı, xidmətlərin göstərilməsi və işlərin görülməsi (o cümlədən, İnternet şəbəkəsi vasitəsi ilə elektron kitabların, musiqinin, audio-video materialların, qrafik təsvirlərin, virtual oyunların, proqram təminatlarının yüklənməsi, reklamların yerləşdirilməsi, digər analoji iş və xidmətlər) üzrə həyata keçirilən fəaliyyətdir. Bu fəaliyyətlər Azərbaycan Respublikasında elektron ticarət “Elektron ticarət haqqında” qanunla tənzimlənir”.

Bu barədə Operativ Media-ya hüquqşünas Xanlar Sətullayev danışıb. 

O bildirib ki, həmin qanunun 5-ci maddəsinə görə, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq fəaliyyətə xüsusi razılıq (lisenziya) nəzərdə tutulan hallar istisna olmaqla, mövcud qanunvericiliyə müvafiq qaydada hüquqi şəxs dövlət qeydiyyatından keçdiyi və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququ əldə etdiyi andan satıcı (təchizatçı) kimi fəaliyyətə başlaya bilər:

“Bu zaman satıcının, yaxud təchizatçının alıcılara və ya sifarişçilərə təqdim etdiyi bütün məlumatlar Azərbaycan dilində və ya tərəflərin razılaşdırdığı digər dildə, xüsusi biliyə malik olmayan alıcı, yaxud sifarişçi tərəfindən aydın və birmənalı başa düşülən şəkildə ifadə olunmalıdır. Bundan başqa satıcı, yaxud təchizatçı özü barədə zəruri məlumatlarla alıcıların (sifarişçilərin) və səlahiyyətli dövlət orqanlarının tanış olmasına imkan yaratmalıdır. 

Qanunda həmin məlumatların dairəsi konkret göstərilmişdir. Belə ki, “Elektron ticarət haqqında” qanunun 5.3-cü maddəsinə görə. hüquqi şəxsin adı, dövlət qeydiyyatı, təşkilati-hüquqi forması, ünvanı və ya fiziki şəxsin soyadı, adı və atasının adı, ünvanı; əlaqə məlumatları (telefon, faks, İnternet və elektron poçt ünvanları); satıcının (təchizatçının) ticarət reyestrində və ya digər reyestrdə qeydiyyatı olduğu halda, reyestrin adı, qeydiyyat nömrəsi və ya digər identikləşdirmə məlumatı (satıcı (təchizatçı) peşə üzrə fəaliyyət göstərərkən isə qeydiyyatdan keçdiyi müvafiq dövlət orqanının və ya digər qurumun adı, peşə üzrə ixtisas dərəcəsi, peşə qaydaları və bu qaydalarla tanışlıq imkanı barədə məlumat); sahibkarlıq fəaliyyətinə xüsusi razılıq (lisenziya) tətbiq olunan halda xüsusi razılıq (lisenziya) və onu vermiş dövlət orqanı barədə məlumat; vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN); malların, xidmətlərin və işlərin qiymətinə verginin və malın (xidmətin, işin) çatdırılma haqqının daxil olub-olmaması və onların məbləği barədə məlumat; ödənişlərin POS-terminal, İnternet şəbəkəsi və elektron pul kisəsi vasitəsi ilə aparılması barədə məlumatların əlçatanlığı təmin edilməlidir. 

Yalnız bu tələblər təmin olunduqdan sonra hər kəs onlayn ticarətlə məşğul ola bilər. Lakin təəssüf ki, bu gün heç də bu tələblərə hamı əməl etmir, istənilən şəxs social şəbəkədə səhifə açıb mal və xidmətlər təklif edir, satır, ünvanı, VÖEN-i və s qanunda nəzərdə tutulan məlumatları məlum olmadığı üçün müştərilər aldadıldıqlarını başa düşəndə öz hüquqlarını müdafiə edə, aldıqları məhsulu geri qaytara bilmirlər”.

Əlaqəli Xəbərlər