Vətəndaş nikahı nədir?
“Qeyri-rəsmi nikah – bəzən “vətəndaş nikahı” və ya “mülki nikah” adlandırılan münasibət forması– tərəflərin faktiki olaraq ər-arvad kimi yaşaması, lakin nikahı dövlət qeydiyyatına aldırmamasıdır”.
Bu sözləri Operativ Media-ya açıqlamasında hüquqşünas Əkrəm Həsənov deyib.
O bildirib ki, bu cür münasibətin yaranma səbəbləri müxtəlif ola bilər:
“Məsələn, bəzi cütlüklər dindar olduqları üçün yalnız dini nikahla kifayətlənir və hesab edirlər ki, əlavə olaraq dövlət qeydiyyatına ehtiyac yoxdur. Digər hallarda isə tərəflərdən biri nikahın rəsmiləşdirilməsini istəmir. Bunun səbəbi müxtəlif ola bilər:
- Şəxsin artıq rəsmi nikahda olması və ikinci nikahın qanunla mümkün olmaması;
- Əmlak bölgüsü, hüquqi öhdəliklər və digər məsuliyyətlərdən yayınmaq istəyi;
- Münasibəti hələ rəsmiləşdirməyə hazır olmamaq, bir-birini daha yaxşı tanımaq niyyəti;
- Sosial və ya şəxsi səbəblər.
Reallıq isə ondan ibarətdir ki, belə münasibətlər hüquqi baxımdan rəsmi nikahla eyni statusa malik deyil. Dövlət qeydiyyatı olmadığı üçün tərəflərin əmlak, miras, aliment, sosial təminat və digər hüquqları avtomatik şəkildə tanınmır. Bu da xüsusilə münasibət pozulduqda və ya tərəflərdən biri vəfat etdikdə ciddi hüquqi problemlərə səbəb ola bilər.
Yəni səbəblər fərqli olsa da, qeyri-rəsmi nikah hüquqi təminat baxımından tərəfləri risk altında qoyur”.