Çin 2026-cı ildə müdafiə xərclərini 7% artıracaq
Çin hakimiyyəti 2026-cı ildə müdafiə xərclərini 7% artıraraq 1 909,561 milyard yuana (Mərkəzi Bankın hazırkı məzənnəsi ilə təxminən 277 milyard dollar) çatdırmağı planlaşdırır.
Operativ Media xəbər verir ki, bu barədə 14-cü çağırış Ümumçin Xalq Nümayəndələri Yığıncağının (parlament) dördüncü sessiyasının ilk günündə dərc olunmuş büdcə layihəsində məlumat verilib.
Sənəddə qeyd olunur ki, milli müdafiə xərcləri 7% artımla 1 909,561 milyard yuan təşkil edəcək. Layihəyə əsasən, cari xərcləri ciddi şəkildə məhdudlaşdırmaq, xarici siyasət, milli müdafiə, təhsil, elm və texnologiya sahələrinə vəsait ayrılmasına, maddi resursların mərkəzi ehtiyatlarının yaradılmasına və dövlət istiqrazları üzrə ödənişlərin icrasına üstünlük vermək lazımdır.
Bundan əlavə, 2026-cı ildə ictimai təhlükəsizlik xərclərinin 2025-ci illə müqayisədə 5,9% artaraq 258,27 milyard yuana (37,42 milyard dollar) çatacağı gözlənilir.
Müqayisə üçün qeyd edək ki, parlamentin əvvəlki sessiyasında təqdim edilən 2025-ci il dövlət büdcəsi layihəsinə əsasən, Çinin hədəf müdafiə xərcləri 7,2% artımla 1,784 trilyon yuan (həmin dövrün məzənnəsi ilə təxminən 250 milyard dollar) təşkil etmişdi.