Yaponiya Yaxın Şərqə gəmi göndərməkdə çətinlik çəkdiyini bildirib
Yaponiyanın hakim Liberal Demokrat Partiyası (LDP) ABŞ Prezidenti Donald Trampın daha əvvəl səsləndirdiyi çağırışa baxmayaraq, Hörmüz boğazına hərbi gəmilərin göndərilməsi üçün "ciddi maneələrin" olduğunu hesab edir.
Operativ Media xəbər verir ki, bu barədə LDP-nin Siyasi Şurasının sədri Takayuki Kobayaşi NHK telekanalının efirində bəyanat verib.
"Hazırda hökumət mövcud şəraiti ölkənin sağ qalmasına təhdid yaradan böhran və ya ciddi nəticələrə gətirib çıxara biləcək vəziyyət kimi qiymətləndirmir", – deyə Kobayaşi bildirib.
O, həmçinin əlavə edib:
"Hesab edirik ki, Prezident Trampın ümid etdiyi gəmi göndərilməsi məsələsində böyük maneələr mövcuddur. Bununla belə, ümid edirik ki, hökumət İran da daxil olmaqla, Yaxın Şərqdəki vəziyyətin gələcək inkişafını soyuqqanlı şəkildə dəyərləndirəcək və müvafiq addımlar atacaq. Əsas prioritet vəziyyətin ən qısa zamanda nizama salınmasıdır".
Xatırladaq ki, Donald Tramp Hörmüz boğazı vasitəsilə neft idxal edən ölkələrin ticarət gəmilərinin təhlükəsiz keçidini özlərinin təmin etməli olduğunu bildirmişdi. O, bu addımı atmaq üçün xüsusilə Böyük Britaniya, Çin, Cənubi Koreya, Fransa və Yaponiyaya çağırış etmişdi.
Qeyd edək ki, Yaponiya neftə olan tələbatının təxminən 95%-ni Yaxın Şərq regionu hesabına ödəyir. Ölkənin idxal etdiyi xam neftin təqribən 75%-i məhz Hörmüz boğazından keçir.