Ağ Ev: İrana qarşı hərbi əməliyyat bitdikdən sonra strateji neft ehtiyatları bərpa olunacaq
Amerika Birləşmiş Ştatları İrana qarşı həyata keçirilən hərbi əməliyyat başa çatdıqdan sonra strateji neft rezervlərini yenidən dolduracaq.
Operativ Media xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt martın 14-də "Fox News" telekanalına verdiyi müsahibədə bildirib.
"Əməliyyat başa çatan kimi strateji neft ehtiyatlarını bərpa edəcəyik", – deyə Livitt vurğulayıb.
Mətbuat katibi əlavə edib ki, ABŞ rəhbərliyi benzin qiymətlərinin artması ilə bağlı vətəndaşların narahatlığını anlayır:
"Biz sizin narahatlığınızı başa düşürük və buna ciddi yanaşırıq, bu problemi həll etmək üçün planımız var. Dünya bazarında neft qiymətlərinin hazırkı dəyişməsi müvəqqəti və qısamüddətli xarakter daşıyır. Prezident Donald Tramp qeyd edib ki, ehtiyac yarandıqda və hərbçilər məqsədəuyğun hesab etdikdə, ticarət gəmilərini Hörmüz boğazından müşayiət etmək üçün ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilərindən istifadə etmək niyyətindədir. Qiymətləri sabitləşdirmək məqsədilə artıq dənizdə olan neftə tətbiq edilən bəzi sanksiyaları ləğv etmişik. Bundan əlavə, strateji ehtiyatlardan neft satışına başlamışıq".
Qeyd edək ki, ABŞ Energetika Nazirliyi martın 11-də 120 gün ərzində sözügedən rezervdən 172 milyon barel neft çıxarılacağını açıqlayıb. İlk partiyaların gələn həftənin sonuna qədər bazara daxil olacağı gözlənilir.