Menyu

Abbas Əraqçi müharibənin bitməsi üçün İranın şərtlərini açıqlayıb

Operativ Media
Abbas Əraqçi müharibənin bitməsi üçün İranın şərtlərini açıqlayıb

İranın xarici işlər naziri Abbas Əraqçi regiondakı gərginlik, hərbi əməliyyatlar və diplomatik proseslərlə bağlı mühüm açıqlamalar verib.

Operativ Media xəbər verir ki, o, bu haqda "Əl-Ərəbi əl-Cədid" qəzetinə müsahibə verib 

Nazir bildirib ki, İran region ölkələri ilə birgə hücuma məruz qalan hədəflərin araşdırılması üçün xüsusi komitə yaratmağa hazırdır. O, İranın hücumlarının yalnız ABŞ-nin regiondakı hərbi bazalarına və maraqlarına yönəldiyini vurğulayıb. Əraqçi, həmçinin ABŞ-nin İranın "Şahid" PUA-larına bənzər "Lukas" adlı aparatlar hazırladığını və məhz bu PUA-lar vasitəsilə ərəb ölkələrində mülki hədəflərin vurulması ehtimalını qeyd edib. Nazirin sözlərinə görə, İran indiyədək heç bir mülki yaşayış məntəqəsini hədəf almayıb və regionda baş verən təxribatların arxasında İsrailin olması mümkündür.

Enerji təhlükəsizliyi məsələsinə toxunan Abbas Əraqçi xəbərdarlıq edib ki, İranın enerji infrastrukturu hədəf alınacağı təqdirdə, Tehran da cavab olaraq ABŞ şirkətlərinin regiondakı obyektlərinə zərbə endirəcək. O, müharibənin başa çatması üçün qarşı tərəfin gələcəkdə münaqişənin təkrarlanmayacağına dair zəmanət verməli və dəymiş ziyanı ödəməli olduğunu bildirib.

Nazir Hörmüz boğazının ABŞ və müttəfiqlərindən başqa bütün gəmilər üçün açıq qaldığını təsdiqləyib, İrandakı daxili vəziyyətin stabil olduğunu, hökumət və ordu arasında heç bir fikir ayrılığı olmadığını əlavə edib. Sonda o, İranda diplomatik əlaqələrin davam etdiyini və Ali Rəhbərin ölkədəki vəziyyəti tam nəzarətdə saxladığını vurğulayıb.

Əlaqəli Xəbərlər