Yaponiyanın Hörmüz boğazına hərbi gəmilər göndərmək planı yoxdur
Yaponiya hazırda Hörmüz boğazında patrul xidməti həyata keçirmək üçün öz hərbi gəmilərini göndərmək niyyətində deyil.
Operativ Media xəbər verir ki, bu barədə müdafiə naziri Şinciro Koidzumi parlamentdəki debatlar zamanı bildirib.
Deputatların müvafiq sualını cavablandıran nazir: "Hazırda Özünümüdafiə Qüvvələrinin göndərilməsi nəzərdən keçirilmir", – deyə qeyd edib. Bununla belə, Koidzumi etiraf edib ki, nəzəri cəhətdən mövcud qanunvericilik Yaponiya vətəndaşlarının "həyatının, sağlamlığının və ya əmlakının" müdafiəsi üçün zərurət yarandığı təqdirdə, Yaponiya gəmilərinin bölgəyə göndərilməsinə icazə verir. Nazir Yaxın Şərqdəki mövcud vəziyyətin bu ssenariyə uyğun olub-olmadığını dəqiqləşdirməyib.
Yaponiya Nazirlər Kabinetinin baş katibi Minoru Kihara isə mütəmadi keçirilən brifinq zamanı qeyd edib ki, Yaponiya tərəfi ABŞ prezidenti Donald Trampın Hörmüz boğazı ilə bağlı bəyanatlarından xəbərdardır, lakin "hazırkı məqamda Özünümüdafiə Qüvvələrinin göndərilməsi ilə bağlı heç bir qərar verilməyib". Kihara Yaponiya tərəfinin beynəlxalq ictimaiyyətlə sıx əməkdaşlıq çərçivəsində, bütövlükdə Yaxın Şərqdə, xüsusilə də Hörmüz boğazında vəziyyətin sabitləşməsinə yönəlmiş diplomatik səylərini davam etdirəcəyini vəd edib.
Qeyd edək ki, daha əvvəl Tramp Hörmüz boğazı vasitəsilə neft idxal edən ölkələrin bura hərbi gəmilər göndərməklə gəmiçilik təhlükəsizliyinin təmin olunmasında iştirak etməli olduğunu bəyan etmişdi. O, bu addımı atması maraqlarında ola biləcək dövlətlər sırasında Böyük Britaniya, Çin, Koreya Respublikası, Fransa və Yaponiyanın adını çəkib.