Gürcüstanın keçmiş iqtisadiyyat və davamlı inkişaf nazir müavini 10 il müddətinə həbs edilib
Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf nazirinin keçmiş müavini Romeo Mikautadze 10 il müddətinə azadlıqdan məhrum edilib. O, həmçinin 2 il müddətinə vəzifə tutmaqdan məhrum edilib.
Operativ Media xəbər verir ki, bu barədə Gürcüstan KİV-ləri məlumat yayıb.
Hakimin qərarına əsasən, Romeo Mikautadze İspaniyadakı mənzilindən, Mtsxetadakı evindən, "Mercedes-Benz", "RANGE ROVER", "Lexus" avtomobillərindən, 1200 kvadratmetrlik torpaq sahəsindən, Naxiduridəki 15%-lik paydan və müsadirə olunmuş əşyalardan məhrum ediləcək.
Təqsirləndirilən şəxs onunla cinayət əlaqəsində olan şəxslərin köməyi ilə qanunsuz və əsassız olaraq xüsusilə külli miqdarda 2.556.192 lari gəliri leqallaşdırıb.
Mikautadze Cinayət Məcəlləsinin 194-cü maddəsinin 3-cü hissəsinin C bəndi ilə ittiham olunur. Bu maddə xüsusilə külli miqdarda gəlir əldə etməklə müşayiət olunan qanunsuz gəlirlərin leqallaşdırılmasını (çirkli pulların yuyulmasını) nəzərdə tutur.