Menyu

Aylıq büdcəni necə idarə etməli? Qənaət üçün 10 qızıl qayda

Operativ Media
Aylıq büdcəni necə idarə etməli? Qənaət üçün 10 qızıl qayda

“Aylıq büdcəni düzgün idarə etmək üçün ilk növbədə bütün gəlir və xərclərinizi aydın şəkildə qeyd etmək vacibdir, çünki nə qədər qazandığınızı və hara xərclədiyinizi bilmədən qənaət etmək çətindir. Xərcləri əsas və ikinci dərəcəli olaraq ayırmaq kömək edir ki, vacib olmayan şeylərə pul sərfini azalda biləsiniz. Hər ay üçün konkret büdcə limiti müəyyən etmək və bu limiti aşmamağa çalışmaq maliyyə intizamını formalaşdırır. Qənaəti xərclərdən sonra yox, əvvəl planlaşdırmaq daha effektivdir, yəni gəlir əldə etdiyiniz kimi müəyyən hissəni kənara qoymaq yaxşı vərdişdir.”

Bu sözləri Operativ Media-ya açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli deyib.

O bildirib ki, nağdsız ödənişlərdə diqqətli olmaq lazımdır, çünki kartla xərcləyərkən insan daha çox pul xərclədiyini hiss etmir:

“Endirim və kampaniyalardan istifadə etmək faydalıdır, amma yalnız həqiqətən lazım olan məhsullar üçün. Gündəlik kiçik xərclərin cəmi böyük məbləğ təşkil etdiyindən, lazımsız xırda alışlardan uzaq durmaq qənaətə ciddi təsir edir. Borclanmadan mümkün qədər uzaq durmaq və xüsusilə faizli kreditləri minimuma endirmək büdcəni qoruyur.

Gəliri artırmaq imkanlarını da nəzərə almaq vacibdir, çünki yalnız qənaət etmək deyil, qazancı artırmaq da maliyyə sabitliyi yaradır. Nəhayət, uzunmüddətli məqsədlər üçün yığım etmək motivasiyanı artırır və plansız xərclərin qarşısını almağa kömək edir.

Bazarlığı əvvəlcədən hazırlanmış siyahı əsasında edin. Ərzaq bazarlığından əvvəl doyunca qidalanın; ac olsanız, lazım olandan bir neçə dəfə artıq məhsul alacaqsınız.

Marketlərin gözə soxduğu impuls mallardan kənar durun. Marketdə bazarlığı araba ilə yox, səbətlə edin ki, çəkisini hiss edəsiniz.

Gündəlik alışları kiçik mağazalardan edin, çünki böyük marketlərdə gündəlik tələbat malları hər tərəfə səpələnib, bu da sizi bütün mağazanı gəzib artıq şeylər almağa vadar edir. Çörək üçün marketə girib 50–100 manatlıq məhsul aldığınızı xatırlayın. Cibinizdə daha az xırda pul saxlayın və lotereya almaqdan uzaq durun. Aldadıcı “endirimlər” ilə real endirimləri ayırd edin və yalnız həqiqi endirimlərdən faydalanın".


Əlaqəli Xəbərlər