Enerji böhranına alternativ həll: Avropanın Bakı marşrutu - TƏHLİL
Bu gün hər bir ölkə üçün təhlükəsizlik və regional sabitlik əsas prioritetdir. Artan regional münaqişələr fonunda təhlükəsizliyi təmin etmək, bu prizmada ölkənin siyasi və iqtisadi inkişafına nail olmaq heç də hər bir dövlət üçün asan başa gəlmir. Bu baxımdan Azərbaycan hər iki istiqamətdə nümunəvi dövlətlərdən hesab olunur və Qəbələ görüşündə əsas müzakirə predmeti olan məsələlərdən birinin də təhlükəsizlik məsələlərinin olması təbiidir. Burada Azərbaycan nümunəsi Avropa üçün əsas meyar kimi götürülə bilər. Təbii ki, çoxtərəfli əməkdaşlıq nəticəsində enerji infrastrukturlarının təhlükəsizliyi, nəqliyyat dəhlizlərinin qorunması və regional sabitliyin təmin olunması daha səmərəli effekt verə bilər.
Bu sözləri Operativ Media-ya açıqlamasında deputat Nəsib Məhəməliyev deyib.
O bildirib ki, Azərbaycan özünü sabitlik təmin edən aktor kimi təqdim edir. Qəbələ görüşləri eyni zamanda regionda yeni güc balansının formalaşdığını göstərməklə yanaşı, Avropada Bakının mövqeyi gücləndirmiş olur.
Dəyişən qlobal və geosiyasi proseslər fonunda Azərbaycanın hər iki coğrafiyada artan nüfuzu, oynadığı fəal rol Bakıya olan marağın artmasını şərtləndirir. Latviya prezidentinin ardınca Ukraynanın dövlət başçısı Volodimir Zelenskinin və Çexiyanın Baş naziri Andrey Babişin Azərbaycana səfərinə məhz bu aspektdən yanaşmaq lazımdır. Bu səfərlər öz-özlüyündə bir neçə mühüm istiqaməti özündə əks etdirir.
İlk növbədə bu səfərlərə Azərbaycanla adıçəkilən ölkələrlə yeni əməkdaşlıq arxitekturasının formalaşdırılması kimi baxmaq lazımdır. Heç kimə sirr deyil ki, son illərdə Avrasiya regionunda baş verən proseslər, əsas etibarilə də Rusiya-Ukrayna müharibəsi enerji, logistika və təhlükəsizlik məsələlərində ciddi problemlerə yol açıb. Sözügedən münaqişə Avropa üçün ciddi enerji təhlükəsizliyi problemi yaradıb. Qoca qitə özünün Rusiyadan olan enerji asılılığını aradan qaldırmaq, riskləri azaltmaq üçün alternativ mənbələr axtarışındadır. Belə alternativ mənbə kimi isə Azərbaycan xüsusi mövqeyə və imkanlara malikdir. Bu gün Avropa İttifaqının 10-dan artıq ölkəsi Azərbaycan qazını almaqla özünün enerji təhlükəsizliyini zəmanət altına almış olur. Yaxın perspektivdə Azərbaycan qazını alan Avropa ölkələrinin sayının artacağı istisna edilmir. Təbii ki, Avropadan Azərbaycana artan yüksək səviyyəli səfərlərin əsas məqsədlərindən biri budur.
Digər tərəfdən Azərbaycan özünü həm də beynəlxalq aləmdə mühüm tranzit ölkə kimi təqdim edə, tanıda bilib. Bütün bunları ümumiləşdirərək deyə bilərik ki, Qəbələ görüşləri də məhz yeni reallıqlara uyğun olaraq yeni əməkdaşlıq imkanlarının müzakirə edilməsi baxımından əhəmiyyətlidir.
Nəhayət, bu kimi səfərlər və görüşlər Azərbaycanla Avropa İttifaqı arasında münasibətləri daha da inkişaf etdirilməsi baxımından da əhəmiyyətlidir. Avropa İttifaqı təkcə enerji sektorunda deyil, siyasi sahədə də Bakı ilə sıx əməkdaşlıq edir, bu əməkdaşlığın daha da irəli aparılmasına maraq göstərir. Bu cür təmaslar məhz həmin münasibətlərin inkişafına mühüm töhfələr vermiş olur”.
Deputat Rasim Musabəyovun sözlərinə görə, Azərbaycanın həm Ukrayna, həm də Avropa ölkələri ilə münasibətlərinin inkişafı hazırda xarici siyasətin əsas istiqamətlərindən biridir:
"Xüsusilə Ukrayna ilə əlaqələr diqqət çəkir. Azərbaycan müharibə başlamazdan əvvəl də Ukrayna ilə yüksək səviyyəli siyasi dialoq qurmuş, əməkdaşlıq əlaqələrini inkişaf etdirmişdir. Humanitar yardımlar, eləcə də SOCAR-ın Ukraynadakı fəaliyyəti həm dövlət, həm də ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Bu münasibətlərin bundan sonra da dərinləşdiriləcəyi açıq şəkildə bəyan olunur".
O bildirib ki, bununla yanaşı, regionda mürəkkəb geosiyasi vəziyyət mövcuddur. Rusiya-Ukrayna müharibəsi və İranın Ukraynaya münasibəti fonunda Azərbaycan balanslı və praqmatik siyasət yürüdərək ikitərəfli faydaya əsaslanan əməkdaşlığı davam etdirir:
“Avropa istiqamətində isə Azərbaycan əlaqələrini daha da genişləndirir. Son dövrlərdə bir sıra Avropa ölkələrinin yüksək səviyyəli rəsmilərinin Bakıya səfərləri bunu təsdiqləyir. Bu çərçivədə Çexiya ilə əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. Əsas diqqət enerji sahəsinə yönəlib. Azərbaycan qazı və neftinə maraq artır. Bununla yanaşı, Mərkəzi Asiya ölkələrinin enerji resurslarının da Azərbaycan üzərindən Avropaya çatdırılması perspektivi müzakirə olunur.
Eyni zamanda, Azərbaycan və Çexiya arasında hərbi sənaye sahəsində əməkdaşlıq imkanları da nəzərdən keçirilir. Mövcud əməkdaşlığın daha da genişləndirilməsi gündəmdədir. Avropa Birliyindəki bürokratik prosedurlar bəzi məhdudiyyətlər yaratsa da, Azərbaycanın öz istehsal imkanları bu sahədə əlavə üstünlüklər yaradır.
Nəqliyyat və logistika sahəsində də əməkdaşlıq aktualdır. Xüsusilə Naxçıvanda dəmir yolu infrastrukturunun modernləşdirilməsi və Orta Dəhlizin inkişafı çərçivəsində Avropa ölkələrinin, o cümlədən Çexiyanın dəstəyi mühüm rol oynaya bilər".

