Azərbaycanda hərbçilər şəxsi jetonla təmin ediləcək
Milli Məclis hərbi qulluqçuların şəxsi jetonla təmin edilməsi haqqında dəyişikliyi ilk oxunuşda qəbul edib.
Operativ Media xəbər verir ki, bununla bağlı "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunlarda dəyişiklik layihəsi parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.
Layihəyə əsasən, onlar hərbi xidmət keçdikləri dövlət orqanları, onların strukturuna daxil olan qurumlar tərəfindən şəxsi jetonla təmin ediləcəklər.
Sənəddə bildirilib ki, məlum olduğu kimi, hərbi qulluqçular xidmət vəzifələrini yerinə yetirərkən müxtəlif risklərlə üzləşirlər. Xidməti fəaliyyəti ilə əlaqədar olaraq döyüş əməliyyatları və digər fövqəladə hallarda onların həlak olması və ya xəsarət alması (yaralanma, travma, kontuziya, tanınmaz hala düşməsi v. sair) halları baş verə bilir. Belə vəziyyətlərdə hərbi qulluqçuların şəxsiyyətinin operativ qaydada müəyyən edilməsi və onlara tibbi yardımın vaxtında və düzgün göstərilməsi (xüsusilə qan qrupu barədə məlumatların mövcudluğu baxımından) həyati əhəmiyyət daşıyır. Bu baxımdan, hərbi qulluqçuların beynəlxalq təcrübədə geniş tətbiq edilən və effektivliyini sübut etmiş mexanizmdən - fərdi identifikasiya ilə təmin olunma üsulundan istifadəsinə zərurəti var.
Bu məsələnin həlli üçün qanunvericiliyə "şəxsi jeton" anlayışı və istifadə qaydalarının əlavə edilməsi təklif edilir.
Bundan başqa, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanuna çağırışaqədərki hazırlıq sahəsində hüquqi tənzimləmənin təkmilləşdirilməsi məqsədilə 9.4-cü maddənin əlavə edilməsi təklif edilir. Bu sahədə vahid və sistemli qaydaların müəyyən edilməsi, həmçinin həmin qaydaların təsdiqi mexanizminin dəqiq tənzimlənməsinə ehtiyac var.
Layihədə gənclərin çağırışaqədərki hazırlığının təşkili və həyata keçirilməsi ilə bağlı əsasnamənin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməsi nəzərdə tutulur.
Bildirilib ki, bu yanaşma idarəetmədə çevikliyin və operativliyin artırılmasına xidmət etməklə yanaşı, aidiyyəti dövlət orqanları arasında səlahiyyət bölgüsünün daha aydın müəyyən edilməsinə, məsuliyyət mexanizmlərinin gücləndirilməsinə və çağırışaqədərki hazırlığın keyfiyyətinin yüksəldilməsi üçün əlverişli şərait yaradılmasına imkan verəcək.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.