Baş prokuror Qarabağ Universitetinin tələbələri ilə görüşüb
Mayın 20-də Azərbaycanın Baş prokuroru Kamran Əliyev Qarabağ Universitetinin Humanitar və sosial elmlər fakültəsinin tələbə və professor-müəllim heyəti üçün "Rəqəmsal cinayət təqibi: maddi daşıyıcılardan bulud texnologiyalarına" mövzusunda mühazirə keçirib.
Bu barədə Operativ Media-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Tədbiri açan Qarabağ Universitetinin rektoru Şahin Bayramov qonaqları salamlayıb və Qarabağ Universitetində "Hüquqşünaslıq" ixtisası üzrə kadr hazırlığına göstərilən davamlı dəstəyə görə Azərbaycan Respublikasının Baş Prokurorluğunun rəhbərliyinə təşəkkürünü bildirib.
Mühazirədə müasir dövrdə rəqəmsallaşmanın hüquq-mühafizə, o cümlədən prokurorluq orqanlarının fəaliyyətinə təsiri, cinayət-prosessual hüquqda sübutetmənin klassik yanaşmalardan rəqəmsal müstəviyə keçidi, eləcə də informasiya texnologiyalarının inkişafı fonunda sübut anlayışının transformasiyası barədə ətraflı məlumat verilib.
Həmçinin hüquqi dövlət prinsipləri çərçivəsində sübutetmənin mahiyyəti, cinayət-prosessual hüquqda sübutların rolu və cəmiyyətin texnoloji inkişafı ilə əlaqədar yaranan yeni hüquqi çağırışlar diqqətə çatdırılıb.
Mühazirə zamanı sübutların prosessual forması, kriminalistik xüsusiyyətləri, əməlin tövsifinə təsiri, onların toplanması, yoxlanılması və qiymətləndirilməsi mexanizmləri nəzəri və praktiki aspektlərdən izah olunub.
Bununla yanaşı, sübutların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi məsələlərinə toxunularaq, müxtəlif hüquq sistemlərində, xüsusən də ölkəmizdə bu institutun tətbiqi xüsusiyyətləri və xarici ölkələrin təcrübəsi barədə müqayisəli təhlillər aparılıb.
Mühazirədə həmçinin sübutetmə yükünün mahiyyəti, prosessual subyektlərin bu sahədə hüquq və vəzifələri, təqsirsizlik prezumpsiyası ilə sübutetmə yükü arasında qarşılıqlı əlaqə, eləcə də beynəlxalq konvensiyalar və hüquq doktrinalarında formalaşmış yanaşmalar barədə ətraflı məlumat verilib.
Rəqəmsal sübutların əldə olunması, saxlanılması və istifadəsi zamanı prosessual təminatların qorunmasının əhəmiyyəti vurğulanaraq, rəqəmsal transformasiya şəraitində fundamental hüquq və azadlıqların müdafiəsi ilə effektiv cinayət təqibi arasında balansın təmin edilməsinin vacibliyi qeyd edilib.
Qeyd olunanlarla yanaşı rəqəmsal sübutların texniki xüsusiyyətləri, elektron məlumat daşıyıcıları, bulud texnologiyaları və kiberməkanda formalaşan məlumatların hüquqi qiymətləndirilməsi məsələləri diqqətə çatdırılıb.
Mühazirə zamanı Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinə elektron sübutlar, elektron sənədlər və cinayət təqibinin elektron qaydada aparılması ilə bağlı edilmiş yeni əlavə və dəyişikliklər barədə də ətraflı danışılıb.
Qeyd olunub ki, müasir texnoloji çağırışlar fonunda cinayət mühakimə icraatının rəqəmsallaşdırılması hüquq-mühafizə fəaliyyətinin operativliyinin və səmərəliliyinin artırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Bununla yanaşı, elektron sübutların prosessual statusu, onların əldə edilməsi və dövriyyəsi zamanı hüquqi təminatlar, habelə elektron cinayət təqibi mexanizmlərinin tətbiqi zamanı şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məsələlərinə xüsusi diqqət yetirilib.
Beynəlxalq hüquqi əməkdaşlıq müstəvisində Budapeşt Konvensiyası və Hanoy Konvensiyasının əhəmiyyətinə toxunulub, kibercinayətkarlıqla mübarizə və rəqəmsal sübutların əldə olunması sahəsində beynəlxalq hüquqi mexanizmlər barədə məlumat verilib.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Baş Prokurorluğun rəhbər şəxsləri mütəmadi olaraq Qarabağ Universitetinin tələbələri üçün konkret mövzularda mühazirələr keçirlər.