Menyu

Qarabağda ilk dəfə beynəlxalq BMT Modeli Konfransı keçirilir

Operativ Media
Qarabağda ilk dəfə beynəlxalq BMT Modeli Konfransı keçirilir

Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində, Qarabağda ilk dəfə beynəlxalq BMT Modeli konfransı - QUMUN 2026 öz işinə başlayıb.

Operativ Media xəbər verir ki, 1-ci Qarabağ Universiteti Beynəlxalq BMT Modeli Konfransı 23–25 may tarixlərində keçirilir.

Konfrans Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi “Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi çərçivəsində “Gənclərin Beynəlxalq Dialoq Platforması” İB-nin təşkilatçılığı, Qarabağ Universitetinin ev sahibliyi və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının tərəfdaşlığı ilə həyata keçirilir.

Layihə “Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasına töhfə vermək, tələbə və gənclərin bacarıqlarını inkişaf etdirmək, onların qlobal proseslərə inteqrasiyasını təmin etmək, eləcə də Qarabağ və Şərqi Zəngəzur bölgələrinin və Qarabağ Universitetinin beynəlxalq akademik dialoq, təhsil və diplomatiya mərkəzinə çevrilməsini təşviq etmək məqsədi daşıyır.

Konfransın açılış mərasimi Qarabağ Universitetində baş tutub. Açılış mərasiminə dövlət və ictimai qurumların nümayəndələri, akademik heyət, yerli və xarici iştirakçılar qatılıblar.

Konfransda 20-dən çox ölkədən 100-dən artıq nümayəndə iştirak edir. Gənclər üç gün ərzində beynəlxalq diplomatiya mühitində bir araya gələrək qlobal və regional məsələləri müzakirə edərək BMT-nin müxtəlif qurumlarının fəaliyyətini simulyasiya edəcəklər.

Açılış mərasimində Qarabağ Universitetinin prorektoru Rüstəm İsgəndərli, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının sədr müavini Mirzə Cəfərzadə və Gənclərin Beynəlxalq Dialoq Platformasının sədri Əli Tağıyev açılış nitqləri ilə çıxış ediblər. Çıxışlarda gənclərin beynəlxalq əməkdaşlıq, diplomatiya və liderlik bacarıqlarının inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb, Qarabağda belə beynəlxalq tədbirin təşkilinin regionun akademik və gənclər mühitinə mühüm töhfə verdiyi bildirilib.

QUMUN 2026 çərçivəsində iştirakçılar BMT-nin Təhlükəsizlik Şurası, UNESCO, İqtisadi və Sosial Şura və Beynəlxalq Ədalət Məhkəməsi qurumları üzrə simulyasiya sessiyalarında iştirak edəcəklər. Müzakirələr Azərbaycan, region və beynəlxalq arena üçün aktual olan sülh quruculuğu, şəhərsalma, urbanizasiya, mədəni irsin qorunması, dayanıqlı inkişaf, yaşıl texnologiyalar və süni intellekt kimi mövzuları əhatə edəcəkdir. Konfrans gənclər üçün fikir mübadiləsi, beynəlxalq əlaqələrin qurulması və çoxtərəfli əməkdaşlığın təşviqi baxımından mühüm platforma rolunu oynayacaqdır.

Layihə çərçivəsində yerli və xarici iştirakçıların Şuşa şəhərinə səfərinin təşkili, beləliklə, onların Qarabağ bölgəsinin tarixi və mədəni irsi ilə bağlı maarifləndirilməsi, yerli gənclərin işğaldan azad olunmuş ərazilərə qayıdış prosesində həvəsləndirilməsi və iştirakı, əcnəbi gənclərin Şuşanın tarixi və mədəni abidələri və orada aparılan bərpa-quruculuq, şəhərsalma işləri ilə tanış edilməsi nəzərdə tutulub.

Qarabağda ilk dəfə keçirilən beynəlxalq BMT Modeli konfransı regionun beynəlxalq akademik və gənclər əməkdaşlığı məkanı kimi mövqeyinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.


Fotogalereya

Əlaqəli Xəbərlər