Gəncə-Daşkəsən regionunda fəaliyyət göstərən təhsil işçilərinə TəhsilPlus kartları təqdim olunub
İyunun 4-də Gəncə-Daşkəsən regionu üzrə ali və ümumi təhsil müəssisələrində fəaliyyət göstərən təhsil işçilərinə TəhsilPlus kartlarının təqdimetmə mərasimləri keçirilib.
Operativ Media xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
TəhsilPlus kartlarının ölkə üzrə ilk kütləvi təqdimatına Gəncə-Daşkəsən regionundan start verilib. Layihənin regionlarda fəaliyyət göstərən təhsil işçilərinin sosial rifahına töhfə verməsi və onların müxtəlif güzəşt imkanlarından faydalanmasını genişləndirməsi məqsədilə ilk mərhələdə region üzrə xüsusi tərəfdaş şəbəkəsi də formalaşdırılıb.
Gəncə Dövlət Universitetində təşkil olunan ilk tədbirdə Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Nicat Məmmədli, Kapital Bank-ın İdarə Heyəti sədrinin müavini, Baş Korporativ satış inzibatçısı Fərid Hidayətzadə, Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov və Azərbaycan Texnologiya Universitetinin rektoru Yaşar Ömərov, millət vəkili Pərvin Kərimova, eləcə də ali təhsil müəssisələrinin professor-müəllim heyətinin nümayəndələri iştirak ediblər.
Çıxışlar zamanı təhsil işçilərinin sosial rifahının gücləndirilməsi, onlar üçün nəzərdə tutulan güzəşt və imtiyazlardan istifadə imkanlarının genişləndirilməsinin əhəmiyyəti vurğulanıb. Bildirilib ki, təhsil sahəsində çalışan şəxslərin sosial təminatının dəstəklənməsi istiqamətində həyata keçirilən layihələr müəllim nüfuzunun artırılması, onların motivasiyasının gücləndirilməsi və peşə fəaliyyətinin stimullaşdırılması baxımından mühüm rol oynayır. Eyni zamanda dövlət-özəl tərəfdaşlığı çərçivəsində reallaşdırılan bu kimi təşəbbüslərin təhsil işçiləri üçün yeni imkanlar yaratdığı diqqətə çatdırılıb.
Tədbir çərçivəsində TəhsilPlus kartı barədə təqdimat keçirilib. Təqdimatda kartın təqdim etdiyi üstünlüklər, tərəfdaş şəbəkələrində mövcud olan endirim və bonus imkanları haqqında məlumat verilib, həmçinin TəhsilPlus kartına dair videoçarx nümayiş etdirilib. Qeyd olunub ki, Gəncə-Daşkəsən regionu üzrə ilk tərəfdaşlardan olan “Referans” tibb mərkəzinin Gəncə filialı TəhsilPlus kart istifadəçilərinə 10% endirim təqdim edir. Bununla yanaşı, “CityCard” ilə əldə olunmuş ilkin razılığa əsasən, növbəti aylardan etibarən TəhsilPlus kart istifadəçiləri üçün ictimai nəqliyyatda xüsusi güzəşt mexanizmləri istifadəyə veriləcək.
Tədbirin gedişatında universitet rektorlarına və ali təhsil müəssisələrinin professor-müəllim heyətinin bir qrup nümayəndəsinə TəhsilPlus kartları təqdim edilib.
Eyni gündə keçirilən ikinci tədbir Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində baş tutub. Tədbirdə Təhsilin İnkişafı Fondunun, Kapital Bank-ın rəsmi nümayəndələri, Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, idarənin tabeliyində olan 6 rayon üzrə sektor müdirləri, region üzrə fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin müəllimləri iştirak ediblər.
Mərasim zamanı sertifikatlaşdırma imtahanlarında yüksək nəticə göstərən müəllimlərə TəhsilPlus kartları təqdim olunub.
Qeyd edək ki, TəhsilPlus kartı Təhsilin İnkişafı Fondu, Kapital Bank və “Mastercard” qlobal texnologiyalar şirkəti ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilir. Layihə təhsil işçiləri üçün əlavə sosial dəstək imkanlarının yaradılması, onların müxtəlif xidmətlərdən daha sərfəli şərtlərlə faydalanmasına şərait yaradılması və sosial rifahının yüksəldilməsinə töhfə vermək məqsədi daşıyır.