Azərbaycanlı məktəblilər Avropa Fizika Olimpiadasında 4 bürünc medal qazanıblar
Azərbaycan şagirdləri 12-16 iyun tarixlərində İsveçdə keçirilən Avropa Fizika Olimpiadasından (EuPhO) uğurlu nəticə ilə qayıdıblar.
Elm və Təhsil Nazirliyindən Operativ Media-ya verilən məlumata görə, mötəbər bilik yarışında ölkəmizi təmsil edən 4 məktəblinin hər biri bürünc medala layiq görülüb.
Olimpiadada Sumqayıt şəhər Təbiət elmləri təmayüllü gimnaziyanın 11-ci sinif şagirdi Bəxtiyar Ağayev, Bakı şəhər Texniki-humanitar liseyin 11-ci sinif şagirdi Məhəmməd Cəfərli, Bakı şəhər Bakı Türk Liseyinin 11-ci sinif şagirdi Murad Xəlil, Bakı şəhər Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Raiq Babazadə bürünc medal qazanıb.
Məlumat üçün qeyd edək ki, 2018-ci ildən keçirilən və Avropanın ən nüfuzlu fizika müsabiqələrindən biri hesab edilən bu turnirdə bu il 41 ölkədən 200 şagird birincilik uğrunda mübarizə aparıb.