Peşə təhsili müəssisələri 7-ci Yerli Şirkətlərin Tanıtım Sərgisində təmsil olunur
17–20 iyun tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən 7-ci Yerli Şirkətlərin Tanıtım Sərgisində Peşə Təhsili üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən peşə təhsili müəssisələri iştirak edir.
Operativ Media xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyi məlumat yayıb.
Sərgi müddətində hər gün 4 peşə təhsili müəssisəsi olmaqla, ümumilikdə 13 peşə təhsili müəssisəsi təmsil olunur. Bərdə, Lənkəran, İsmayıllı, Qəbələ və Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzləri, həmçinin Sənaye və İnnovasiyalar, Texnika və Texnologiyalar, Emal Sənayesi, Turizm və Sosial Xidmətlər, Mədəniyyət və Sənətkarlıq, Tikinti və Quraşdırma İşləri, İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzləri, eləcə də Gəncə Sənaye və Texnologiyalar üzrə Dövlət Peşə Təhsil Mərkəzi sərgidə öz məhsul və xidmətlərini təqdim edir.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Marsol Group”un birgə təşkilatçılığı ilə keçirilən sərgidə peşə təhsili müəssisələrinin stendində təhsilalanların hazırladığı müxtəlif məhsullar nümayiş etdirilir, ziyarətçilərə peşə təhsilinin imkanları və əmək bazarının tələblərinə uyğun formalaşdırılan bacarıqlar barədə məlumat verilir.
Qeyd edək ki, 7-ci Yerli Şirkətlərin Tanıtım Sərgisi yerli məhsul və xidmətlərin təşviqi, sahibkarlar arasında əməkdaşlığın genişləndirilməsi və yeni işgüzar əlaqələrin qurulması məqsədilə təşkil olunur. Sərgidə 300-dən çox yerli şirkət iştirak edir.